Bakı, 20 yanvar, Elvin Camalov, AZƏRTAC
20 Yanvar xalqın faciəsi ilə bərabər həm də qəhrəmanlıq səlnaməsidir.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən “BP Caspian Ltd.”nin mühəndisi İlkin Zəkizadə AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, 20 Yanvar faciəsi xalqın ən ağrılı, həm də ən şərəfli bir günü kimi tarixə yazılıb. Xalqımız 1990-cı il yanvarın 20-də öz azadlığı, müstəqilliyi uğrunda Sovet qoşunlarının qarşısına silahsız çıxaraq şəhidlərimizin qanı bahasına müstəqilliyimizi bərpa edib.
İ.Zəkizadə bildirib ki, həmin zaman Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən bu müsibəti bütün dünyaya çatdıraraq informasiya blokadasını sındıra bilib. “Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində indi hər birimiz gənc, müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Allah şəhidlərimizə rəhmət eləsin,” – deyə İ.Zəkizadə bildirib.