Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində “Tofiq Bəhramovun izi ilə gənc hakimlərin inkişafı” layihəsi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihənin başlıca məqsədi futbol hakimliyinə marağı olan gənclərə təcrübi və nəzəri bilikləri aşılamaq, futbol hakimliyi ilə bağlı gənclərdə maraq oyatmaqdır.
FİFA dərəcəli yerli futbol mütəxəssislərinin iştirakı ilə gənclər, hakimliyin qayda və prinsipləri ilə daha yaxından tanış olacaq, tanınmış hakimlərin bilik və təcrübələrindən faydalanacaqlar.
Nəzəri və təcrübi hissələrdən ibarət iki gün davam edəcək layihənin nəzəri hissəsi müasir futbolun qaydaları, futboldakı ən son innovasiyaların mahiyyəti, dünya təcrübəsində mübahisəli epizodların təhlili və hakimliklə bağlı digər mühüm məsələlər ekspertlərlə gənc hakimlərin arasında müzakirə olunacaq.
Layihənin təcrübi hissəsində gənc hakimlərin fiziki dayanıqlılıq və bundan irəli gələn digər normativlərin tədrisi və ilkin təcrübəsi həyata keçiriləcək. Təcrübi hissədə “Referee simulator” proqramı icra ediləcək . Layihənin davamlılığı məqsədilə fərqlənən gənclər diplom və sertifikat əldə etməklə yanaşı hakimlik karyerasına başlaması üçün aidiyyəti qurumlara yönləndiriləcək.
Rəhbəri Əli Fərzəliyev olan layihədə iştirak etmək istəyən gənclər yanvarın 31-dək alifarzaliyev95@gmail.com elektron ünvanına müraciət göndərə bilərlər.