İtaliya dilində "oyundankənar vəziyyət" mənasını verən "Fuorigioco" adlı əməliyyatının 35 komanda, rəhbər və futbolçu olmaqla, ümumilikdə 64 nəfəri əhatə etdiyi bildirilir. Şübhəlilər arasında "Milan"ın I vitse-prezidenti Adriano Qalliani, "Napoli"nin prezidenti Aurelio De Laurentis, "Latsio"nun prezidenti Klaudio Lotito, "Yuventus"un sabiq prezidenti Klaude Blank, hazırda Fransanın PSJ klubunda çıxış edən Esekyel Lavessi, 2012-ci ildə futbolçu karyerasını başa vurmuş argentinalı Ernan Krespo, bir sıra futbolçu və digər rəhbər şəxslər var. Ümumilikdə istintaqda 17 futbolçunun adı hallanır.
İstintaqın təməlinin 2012-ci ildə "Napoli"dən PSJ-yə keçən Lavessi ilə imzalanmış müqavilənin olduğu və qaçırılan ümumi verginin 12 milyon avro təşkil etdiyi bildirilir.