Bakı, 27 yanvar, AZƏRTAC
Bu gün qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsinin sonuncu oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirin “A” qrupunda yer alan Bakının “Lokomotiv” klubu Rusiyanın “Dinamo” (Kazan) komandasını qəbul edəcək.
Saat 18:00-da start götürəcək oyun Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq. Görüşü yunanıstanlı Sotirios Delikostidis və polşalı Aqnieska Miçliç idarə edəcəklər.
Hər iki komanda play-off mərhələsinə vəsiqə qazandığı üçün “Lokomotiv”-“Dinamo” görüşü formal xarakter daşıyacaq.
Qrupda 15 xalla “Dinamo” (Kazan) komandası birincidir. “Lokomotiv” 9 xalla ikinci, “Azərreyl” 3 xalla üçüncü pillədə qərarlaşıb. Üç xalı olan “Alyants Ştutqart” isə sonuncu yerdədir.