A+
A–

Bakı, 30 yanvar, S.Quliyev, H.Mahmudova, AZƏRTAC
Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasətə uyğun olaraq fəaliyyət göstərir. Gənclərimiz Azərbaycanın ictimai-siyasi həyatında, ümumilikdə ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərində yaxından iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Baş nazirinin müavini Əli Əhmədov YAP Gənclər Birliyinin ötən ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə jurnalistlərə müsahibəsində deyib.
Gənclərin dövlət işlərinə də fəal cəlb olunduğunu vurğulayan Baş nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə gənclərinə böyük diqqət və qayğı göstərir. Gənclər dövlətin diqqəti ilə tam əhatə olunublar. İstər onların təhsil almaları, istərsə də fəaliyyətləri üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Gənclərdən istədiyimiz odur ki, onlar yaxşı təhsil alsınlar, müasir bilik və düşüncələrə yiyələnsinlər, Azərbaycanı sevsinlər, vətənpərvər olsunlar, ölkəmizin inkişafına öz töhfələrini versinlər.
“Azərbaycanın gənc nəsli əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xəttə sadiqdir və sədaqətli vətəndaş kimi formalaşıb. Eyni zamanda, gənclərimiz ölkəmizin inkişafı naminə hər cür fədakarlığa hazır olduqlarını dəfələrlə sübut ediblər. Güman edirəm ki, Azərbaycanda gənc insanların say etibarı ilə çox olması ölkəmizin parlaq gələcəyini göstərən çox vacib amildir. Azərbaycanda çoxlu sayda gənclərin olması ondan xəbər ki, ölkəmiz inkişaf edir, əhalimiz artır, gənclər ölkənin həyatında əhəmiyyətli rol oynamağa başlayırlar. Beləliklə, Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyasına öz töhfələrini verirlər”, - deyə Əli Əhmədov vurğulayıb.