A–
Naxçıvan, 1 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında 2015-ci ildə 288 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub. Həmçinin 104 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə 1 qəsəbə, 15 kənd mərkəzi istifadəyə verilib, 7 kənd mərkəzində tikinti işləri görülüb.
Muxtar respublikada 3 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması, 1 yaşayış binasının əsaslı təmiri başa çatdırılıb.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2015-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 370 min 878 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2014-cü ildəki müvafiq göstəricidən 1,4 faiz çoxdur.
Ötən il Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsi də istifadəyə verilib. Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanıb.




















