A–
Daşkənd, 3 fevral, AZƏRTAC
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki kultura.uz portalı Bakıdakı Dənizkənarı Milli Park haqqında rus dilində geniş material verib.
Məqalənin əvvəlində deyilir ki, bu park Sena çayının sahilində salınan Paris parkından sonra böyüklüyünə görə Avropada ikincidir. Bildirilir ki, parkı “Bakının brilyant boyunbağısı” da adlandırırlar. Qeyd olunub ki, 1865-ci ildə Bakının hərbi qubernatorunun sərəncamı ilə dənizkənarı parkın tikintisinə göstəriş verilib. Lakin park 1909-cu ildə tanınmış mühəndis və memar Məmmədhəsən Hacinskinin rəhbərliyi ilə tikilməyə başlayıb. Memar Adolf Eyxler bu işdə yaxından iştirak edib və indi bu məkan bakılıların və qonaqların sevimli gəzinti yeridir.
Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə park milli status alıb.
Yazıda son illər parkda görülən yenidənqurma işlərdən də geniş yer ayrılıb. Bildirilib ki, burada lazer və iki musiqi fontanı quraşdırılıb, parka ekzotik ağaclar gətirilib. Parkda Bayraq Meydanı inşa edilib və Azərbaycanın üçrəngli bayrağı 162 metr hündürlükdə dalğalanır. Qeyd olunub ki, bu bayraq hündürlüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Burada Dövlət Bayrağı Muzeyinin yaradıldığı da diqqətə çatdırılır.
Materialda Bakıdakı Dənizkənarı Milli Parkın müasir görünüşünü əks etdirən şəkillər də yer alıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd