A–
Naxçıvan, 5 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında muzeylər şəbəkəsinin genişləndirilməsinə, muzey işinin inkişafına böyük qayğı göstərilir. Hazırda muxtar respublikada 29 müxtəlif profilli muzey fəaliyyət göstərir ki, bu muzeylərdə də 112 minə yaxın maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Tarix Muzeyində “Maddi-mədəniyyət nümunələrinin qorunmasında muzeylərin rolu” mövzusunda keçirilən tədbirdə danışılıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva tədbiri açaraq bildirib ki, muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır. Ölkəmizdə muzey işinin təşəkkül tapması və inkişafı müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan mədəniyyətinin böyük hamisi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoyub, respublikamızın bütün bölgələrində yeni muzeylər yaradılıb.
Qeyd olunub ki, belə mədəniyyət müəssisələrinə göstərilən yüksək dövlət qayğısı həm də muzey işçilərinin məsuliyyət hissini artırır. Maddi-mədəniyyət nümunələrinin qorunması, onların bərpa edilməsi, geniş tamaşaçı kütləsinə tanıtdırılması muzey işçilərinin gündəlik vəzifəsidir.
Sonra mövzu ilə bağlı müzakirə aparılıb.
Müzakirələrdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Nizami Rəhimov, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Nəzakət Əsədova və digərləri çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər.
Vurğulanıb ki, muzey eksponatlarının sıradan çıxmasının səbəbləri vaxtında aradan qaldırılmalıdır. Bunun üçün dövlət muzeylərində saxlanılan muzey sərvətlərinin uçotu və mühafizəsinə dair təlimata əsaslanmaq lazımdır. Müxtəlif eksponatlar fərqli üsullarla mühafizə edilib qorunmalıdır.