Bakı, 14 fevral, AzərTAc
Aprelin 24-də Moskvada “Balçuq Kempinski” mehmanxanasında “Boru kəməri nəqliyyatı” XI Beynəlxalq Texniki Simpoziumu keçiriləcək.
AzərTAc tədbirin təşkilatçısı olan RPİ şirkətinin saytına istinadla xəbər verir ki, boru kəməri nəqliyyatı bu gün yanacaq-energetika kompleksinin ən mühüm komponentidir. Bu sahənin təşəkkülü nəqliyyat sisteminin vəziyyətindən və inkişafından, eləcə də karbohidrogen xammalı nəqlinin ixrac istiqamətlərinin diversifikasiyasından əhəmiyyətli dərəcədə asılıdır.
Beynəlxalq simpozium nəhəng neft-qaz və boru kəməri şirkətlərinin rəhbərləri, servis təşkilatları və müəssisələri olan boru və neft-qaz avadanlığı istehsalçıları, dövlət orqanları və investisiya korporasiyalarının nümayəndələri arasında dialoq rejimində keçiriləcəkdir.
Simpoziumun əsas mövzuları boru kəməri nəqliyyatı sistemi işinin effektiv, etibarlı və təhlükəsiz təmini, boru kəməri sistemləri üçün innovasiya materialları və texnologiyalar, boru kəməri nəqliyyatı obyektlərinin tikintisində və maliyyələşdirilməsində müasir iş metodları və əsas problemlər, bu nəqliyyat növünün obyektlərinin istismarı və yenidən qurulmasıdır.