A+
A–

Bakı, 11 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi ilə Türk Hava Yolları aviaşirkəti arasında əməkdaşlıq imkanlarının müzakirəsinə dair görüş keçirilib. Görüşdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Türk Hava Yolları aviaşirkətinin Bakıdakı ofisinin rəhbəri Seyfullah İlyasın rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Nazim Səmədov qonağa ölkəmizin turizm potensialının xarici ölkələrdə tanıdılması və Azərbaycana daha çox turistlərin cəlb olunması məqsədilə təşkil olunan tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi milli turizm sənayesinin nümayəndələri ilə birgə müxtəlif beynəlxalq turizm sərgilərində, B2B formatında tədbirlərdə iştirak edir, xarici ölkələrin turizm operatorları və KİV nümayəndələri üçün infoturlar təşkil edir, xarici populyar televiziya kanallarında reklam yerləşdirir və digər təbliğat xarakterli layihələri həyata keçirir. Bununla yanaşı təbliğat və marketinq sahəsində Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizə beynəlxalq uçuşları həyata keçirən aviaşirkətlər arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Bununla əlaqədar N. Səmədov nazirlik və milli hava daşıyıcısı olan AZAL aviaşirkəti arasında qurulmuş əməkdaşlığı xüsusi qeyd edib. Bu əməkdaşlıq çərçivəsində qeyd olunan qurumlar AZAL tərəfindən uçuşları həyata keçirilən ölkələrdən turistlərin cəlb olunması məqsədilə təşkil olunan müvafiq təbliğat xarakterli tədbirləri birgə təşkil edirlər.
S.İlyas öz növbəsində Türk Hava Yolları aviaşirkəti tərəfindən Azərbaycana səfər edənlərin sayının artırılması məqsədilə görülən işlər barədə məlumat verərək, aviaşirkət tərəfindən 2016-cı il üçün bir sıra infotur və digər təbliğat xarakterli tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin iştirakının əhəmiyyətli ola biləcəyini qeyd edib.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyi və Türk Hava Yolları aviaşirkəti arasında əməkdaşlıq haqqında çərçivə sənədinin hazırlanması barədə razılığa gəlinib.