A+
A–

Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) iqtisadi məsələlər komissiyasının ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarına dair konfransda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası və komissiyanın fəaliyyət planı müzakirə edilib.
İclasda əvvəlcə komissiyasının bu il üçün nəzərdə tutulan iş planına baxılıb. Komissiyanın sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, komissiya bu il ölkəmizdə iqtisadi siyasətin təbliğinə yönələn bir sıra tədbirlər keçirməyi nəzərdə tutur. Bu tədbirlər sırasında “2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ikinci ilinin yekunlarına dair konfransda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası xüsusi əhəmiyyət daşıyır.
Komissiya sədri vurğulayıb ki, son illər dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq, 25 heyvandarlıq kompleksi, 39 intensiv bağçılıq təsərrüfatı, 53 logistik mərkəz, 22 taxıl anbarı, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsi, 28 çörək zavodu, 46 istixana kompleksi, 6 yem zavodu tikilərək istifadəyə verilib. 2007-2015-ci illərdə yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara görə fermerlərə dövlət büdcəsindən bir milyarddan çox subsidiya verilib. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən 2005-2015-ci illərdə müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınmasına lizinq yolu ilə 700 milyon manatdan çox büdcə vəsaiti ayrılıb. Bu illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş 1,2 milyard manat güzəştli kreditlərin 936 milyon manatı və ya 78 faizi regionların payına düşüb. Bu isə kənd təsərrüfatının və son nəticədə regionların iqtisadi inkişafına imkan yaradıb. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş iki dövlət proqramının icrasına 10 il ərzində 50,7 milyard manat, o cümlədən birinci proqrama 16 milyard, ikinci proqrama isə 34,7 milyard manat vəsait yönəldilib. Bundan əlavə, regionların sosial-iqtisadi inkişafına dair proqramlarda nəzərdə tutulmayan məsələlərin həllinə Prezidentin müvafiq Sərəncamı ilə ehtiyat fondundan 737,4 milyon manat vəsait ayrılıb. 2015-ci ildə ümumi daxili məhsul 54,4 milyon manat olub. Qeyri-neft sektorunda artım 1,1 faiz və ümumi daxili məhsulda payı 69,3 faiz təşkil edib. Sənaye məhsullarının istehsalı 2,4 faiz artaraq 26,2 milyard manat olub. Sənayenin qeyri-neft sektorunda artım 8,4 faiz təşkil edib. Kənd təsərrüfatında ümumi məhsul istehsalı 5 milyard 635 milyon manat olmaqla artım 6,6 faiz təşkil edib. Əhalinin gəlirləri 2014-cü ilə nisbətən 5,7 faiz, hər nəfərə düşən gəlirlər 4,5 faiz artıb. Orta aylıq əməkhaqqı 4,5 faiz artaraq 462 manata çatıb. İqtisadiyyata 15 milyard 957 milyon manat investisiya qoyulub.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, özəl sektorun və regionların inkişafı, müasir infrastrukturun yaradılması, aqrar sahənin canlanması şəraitində iqtisadiyyatın şaxələndirilməsi prosesləri uğurla həyata keçirilib. Qeyri-neft sektorunun çəkisi ümumi daxili məhsulda 70 faizə çatdırılıb. Son 12 il ərzində əhalinin gəlirləri 7 dəfə artıb. 70 mindən çox müəssisə və 1,5 milyon yeni iş yeri yaradılıb. Nazir hazırda yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlərdən də danışıb.
Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd edib ki, son 12 ildə 3,4 dəfə iqtisadi artım əldə olunub. İqtisadiyyata 200 milyard dollar investisiya qoyulub.
Çıxış edən YAP-ın İdarə Heyətinin üzvləri bildiriblər ki, haqqında danışılan güclü əsaslar qlobal iqtisadi böhranın dərinləşdiyi, dünya bazarında neftin qiymətinin dəfələrlə düşdüyü, regionda geosiyasi və iqtisadi təzyiqlərin artdığı bir vəziyyətdə də Azərbaycanda iqtisadi və sosial inkişafın davam etməsinə imkan yaradıb.
Sonda E.İbrahimov qeyd edib ki, iqtisadi inkişafın sürətlənməsi və müasir çağırışlara əsaslanan yeni model əsasında qurulması komissiya qarşısında bir sıra vəzifələr qoyur. YAP və onun iqtisadi məsələlər komissiyası ölkəmizin parlaq gələcəyə, sosial zənginliyə, qüdrətli dövlətə çevrilməsi yolunda keçirilən tədbirləri fəaliyyət fəlsəfəsi hesab edir.