ANS PRESS-in məlumatına görə, ötən ilin oktyabr ayında "Şəkər dağları, neft sahilləri" adlı sərgidə nümayiş olunan ekspozisiya ilə bağlı Motovilinsk rayon polis şöbəsinin apardığı araşdırmalar başa çatıb. Sərgidə Vüsal Rəhimin nümayiş etdirdiyi gəlincik ekspozisiyasının araşdırılması üçün sənətşünas Aleksey Boykaya müraciət edilib. O, gəlincik ekspozisiyasında əxlaqsızlıq əlamətlərinin olmadığını vurğulayıb.

PERMM muzeyində sərgilənən kukla ekpozisiyası
Sərginin kuratoru Fərhad Fərzəliyev və PERMM muzeyinin art-direktoru Nailə Allahverdiyevanın fikrincə, sərgi uşaqların əxlaqına mənfi təsir göstərməyib. Hətta, şagirdlər özləri polisə bildiriblər ki, onlara muzeydə maraqlı olub.
Motovilinsk rayon polis şöbəsi sözügedən ekspozisiyanın müəllifi Vüsal Rəhimin özündən isə mövqe ala bilməyib. Buna səbəb onun rus dilini bilməməsidir.
Nəticədə polis rəssam haqqında cinayət işinin başlamasını rədd edib.
ANS PRESS rəssam Vüsal Rəhim ilə əlaqə saxladı. O, PERMM muzeyindəki ekspozisiyasının böyük marağa səbəb olması haqqında danışmaq istəmədiyini bildirdi. "Artıq sərgi olub, bitib. Bu haqda danışmaq istəmirəm", - deyə gənc rəssam açıqlama verməkdən imtina etdi.

Vüsal Rəhim - azərbaycanlı rəssam
Qeyd edək ki, Rusiyanın Perm şəhərində ötən ilin 8-15 oktyabr tarixində Perm vilayətinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə PERMM muzeyində "Şəkər dağları, neft sahilləri" adlı sərgi təşkil olunub. Sərgidən sonra Perm prokurorluğu PERMM muzeyində azərbaycanlı rəssam Vüsal Rəhimin nümayiş etdirdiyi gəlinciklərlə bağlı araşdırmaya başlayıb.

PERMM muzeyində sərgilənən kukla ekpozisiyası
Buna səbəb sərgi izləyicilərinin həmin gəlinciklərlə bağlı şikayət etməsi olub. Permlilərin fikrincə, göstərilən bəzi gəlinciklər "zorakılığı, seksual və mənəvi əxlaqsızlığı, pedofilliyi, uşaq pornoqrafiyasını təbliğ edir, cəmiyyətin və dövlətin əxlaqi dayaqlarını dağıdır".
Sərgi başa çatsa da, valideynlər şikayətlərində israr ediblər. Onlar əllərindəki foto şəkilləri və broşürləri prokurorluğa təqdim edərək övladlarını bu cür tədbirlərdən qorumağı tələb ediblər. 7-15 noyabrda muzey ziyarətçiləri arasında olan uşaqların valideynləri petisiya yaradıblar .

PERMM muzeyində sərgilənən kukla ekpozisiyası