A–
Naxçıvan, 15 fevral, AZƏRTAC
Naxçıvanda daha iki məhsulun - uşaq bezinin və tibbi spirtin istehsalına başlanılıb. Həmin məhsullar Naxçıvan şəhərində fəaliyyət göstərən “Pambıq” Uşaq Bezi Fabrikində istehsal edilir.
İllik istehsal gücü 2 milyon 496 min ədəd şərti butulka tibbi spirt və 52 milyon 416 min ədəd uşaq bezi olan bu müəssisə muxtar respublikada yeganədir. İlkin hesablamalara görə, muxtar respublikanın tibbi spirtə olan illik tələbatı 360 min ədəd şərti butulka, uşaq bezinə olan tələbatı isə 22 milyon ədəddir. Göründüyü kimi, yeni müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, ixrac imkanları da yaradır.
Müəssisədə istehsal edilən uşaq bezi və tibbi spirtin yerli məhsul olaraq tanıdılması və daxili bazarın tələbatının öyrənilməsi məqsədilə tədbirlər həyata keçirilib. Tibbi spirt 100 qramlıq şüşə taralarda, uşaq bezi isə 6 ölçüdə olmaqla müxtəliftutumlu, nəfis tərtibatla bəzədilmiş paketlərdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınmış “Pambıq” əmtəə nişanı ilə satışa çıxarılır. Əvvəllər eyniadlı məhsullar muxtar respublikaya xarici ölkələrdən idxal olunub əlavə daşınma xərci çəkilirdisə, bu müəssisənin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılıb, istehlakçıların daha münasib qiymətə keyfiyyətli yerli məhsullarla təmin olunmasına əlverişli şərait yaradılıb.
Layihəyə uyğun olaraq, tibbi spirtin qablaşdırılması və uşaq bezi istehsalı sahələrində İran İslam və Çin Xalq respublikalarından alınmış, istehsal gücü saatda min ədəd şərti butulka tibbi spirt, dəqiqədə 350 ədəd uşaq bezi olan və kompyuterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıq quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb. Müəssisədə mərkəzləşdirilmiş nəzarət sistemi qurulub ki, bu da istehsal prosesi zamanı yaranan nasazlıqların vaxtında aradan qaldırılmasına imkan verir.
Türkiyə, Almaniya, Koreya, İran və Pakistan respublikalarında fəaliyyət göstərən bu sahə üzrə qabaqcıl təcrübəyə malik ayrı-ayrı şirkətlərdən xammal idxalına başlanılıb. Müəssisənin yaradılması və müasir texnoloji avadanlıqların alınıb quraşdırılmasına, ümumilikdə, 1 milyon 820 min manat vəsait sərf olunub ki, bunun da 700 min manatı muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan, 1 milyon 120 min manatı isə müəssisənin daxili imkanları hesabına ödənilib.
Yeni istehsal müəssisəsinin yaradılması daxili bazarı keyfiyyətli yerli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunda da mühüm rol oynayıb. Müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılıb. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Həkim-terapevt Vəliqulu Həsənov bununla bağlı deyib ki, əvvəllər xaricdən idxal olunan tibbi spirtin və uşaq bezinin hansı şəraitdə istehsal edildiyini və bu məhsulların keyfiyyətinə necə nəzarət olunduğunu bilmir, istehlakçıların hər hansı bir dəri xəstəliyinə tutulacağından narahatlıq keçirirdik. Amma Naxçıvan şəhərində tibbi spirtin qablaşdırılması və uşaq bezi fabrikinin fəaliyyətə başlaması ilə bu narahatlığa son qoyuldu.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu
