A+
A–

Bakı, 15 fevral, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun 8.16-cı maddəsinə müvafiq olaraq "İnvestisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi Qaydası" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qayda Azərbaycan Respublikasının emitentlərinin investisiya qiymətli kağızlarının və ya digər şəxs tərəfindən onların aktivləri ilə təmin olunmuş investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi qaydalarını tənzimləyir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, QKDK tərəfindən "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun 30.6-cı, 38.13-cü və 41.4-cü maddələrinə müvafiq olaraq "İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qayda investisiya şirkəti tərəfindən investisiya xidmətlərinə (əməliyyatlarına), müştəri sifarişlərinə, onların icrası və ya dayandırılmasına, müştərilərə hesabatların təqdim edilməsinə və investisiya şirkəti tərəfindən öz fəaliyyəti ilə bağlı həyata keçirilən əməliyyatların uçotunun aparılmasına dair tələbləri müəyyən edir.