A+
A–

Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycanda tibb elminin və tibb təhsili sisteminin şanlı tarixi və mühüm nailiyyətləri var. Ölkəmizdə səhiyyə sisteminin inkişafında görkəmli dövlət xadimi Əziz Əliyevin mühüm xidmətləri olub. Azərbaycan səhiyyəsinin inkişafının yeni və müasir dövrü isə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində hər il yüzlərlə gənc keçmiş Sovet İttifaqının ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. Gələcəkdə kadr hazırlığının təminatına istiqamətlənmiş bu uzaqgörən siyasətin həyata keçirilməsi səhiyyə sisteminin bugünkü sürətli inkişafında əhəmiyyətli təsirini göstərməkdədir. Heydər Əliyevin qayğısı ilə əvvəllər keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində, dövlət müstəqilliyimizin bərpasından sonra isə dünyanın bir sıra aparıcı universitetlərində təhsil alan gənclərimiz yüksək ixtisaslara yiyələnərək mütəxəssislərə çevrilir, ölkəmizdə bu sahənin inkişafına töhfələrini verirlər.
Belə gənclərimizdən biri də Türkiyədə təhsilini başa vuran Pərviz Hacıyevdir. O, 1985-ci ildə atasının işi ilə əlaqədar ailəsinin yaşadığı Rusiyada dünyaya göz açıb. Lakin Pərviz orta təhsilini Azərbaycanda alıb. Orta məktəb illərində əyninə ağ xalat geyinmək, insanlara şəfa vermək istəyi onu bir an da olsun tərk etməyib. Arzularının dalınca Türkiyəyə yollanıb. 2009-cu ildə Ankara Universitetinin tibb fakültəsini bitirərək həkim ixtisasına yiyələnib. Öyrənmək eşqi, seçdiyi peşənin bütün incəliklərinə bələd olmaq yanğısı onu yenə də rahat buraxmayıb. Beləliklə, dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”ndan bütün təbəqədən olan gənclər kimi, o da faydalanıb. Bu proqram çərçivəsində 2010-cu ildə keçirilən TUS (tıpta uzmanlık sınavı – tibdə rezidentura imtahanı) imtahanında birinci seçimi olan Ankara Universitetinin urologiya kafedrasına daxil olaraq rezidentura təhsilinə başlayıb.
Pərviz 2015-ci ildə rezidentura təhsilini başa vuraraq uroloq-cərrah ixtisasını alıb. Eyni zamanda, rezidenturada oxuduğu müddətdə Avropa Uroloqlar Cəmiyyətinin (EAU) təqaüdü ilə Danimarkanın Aarhus Universitetində elmi–praktiki təcrübə keçib. Bütün bunlarla yanaşı, istedadlı gənc bir sıra uğurlara da imza atıb. Ankara Universitetinin urologiya kafedrasında apardığı tədqiqatlar 2013-cü və 2014-ci illərdə Avropa uşaq urologiyası konqreslərində (ESPU) ən yaxşı araşdırma mükafatlarına layıq görülüb.
ABŞ-ın elmi jurnallarında bir sıra məqalələri də dərc olunan gənc həkim Avropa Urologiya Assosiasiyasının (EAU), Amerika Urologiya Assosiasiyasının (AUA), Endouroloji Cəmiyyətin, Türkiyədə fəaliyyət göstərən Uroloji Cərrahi Dərnəyin, Türk Androloji Dərnəyinin və digər cəmiyyətlərin üzvüdür. O, Avstriyada və Türkiyədə uşaq urologiyasına həsr edilən əksər konqres-kursların iştirakçısı olmaqla bərabər, həm də bu sahəyə aid bir çox elmi məqalənin müəllifidir.
Ancaq Pərviz qazandığı uğurlarla kifayətlənmir. Başa düşür ki, indiki müasir texnologiyalar əsrində yerində saymaq olmaz. Elə buna görə də uşaq urologiyası üzrə təhsilini davam etdirməyi vacib sayır. Yeri gəlmişkən, həmyerlimiz ötən il Türkiyədə ali ixtisas imtahanında (YDUS) ikinci olub.
Sevindirici hal odur ki, gənc həkim-uroloq Pərviz Hacıyev Azərbaycanda işləmək fikrindədir. Pərviz bizimlə söhbətində bu barədə danışarkən qeyd edir: “Məni buna vadar edən ilk növbədə, Vətən sevgisi, doğma el-obaya bağlılıqdır. Digər tərəfdən isə Azərbaycanda uşaq urologiyası sahəsində mütəxəssislərə ehtiyacın olmasıdır”. Ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatların və müşahidə olunan sürətli inkişafın onu Azərbaycanda işləməyə daha da həvəsləndirdiyini vurğulayan gənc həkim bu barədə məmnunluqla söz açaraq deyir: “Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında mövcud olan maddi-texniki baza və hazırlıqlı mütəxəssislər məni heyran etdi. Müalicə almaq üçün xaricə üz tutmağa lüzum görmürəm. Burada bütün növ xəstəlikləri yüksək səviyyədə müalicə etmək mümkündür”.
Səhiyyəmizin dünya standartları səviyyəsində inkişafının əsas istiqamətlərindən biri təbii ki, tibbi təhsil və kadr islahatıdır. Savadlı və ən müasir texnologiyalarla işləmək bacarığına yiyələnən gənc həkimlərin hazırlanmasına, onların bilik və peşə qabiliyyətlərinin artırılmasına Səhiyyə Nazirliyi də xüsusi diqqət yetirir. Pərviz Hacıyev kimi hazırlıqlı və peşəkar uroloq-cərrahların xaricdə təhsil aldıqdan sonra Azərbaycana qayıdıb doğma Vətəndə işləmək arzusu sözsüz ki, alqışa layiqdir. Məhz belə savadlı, yenilikçi və vətənpərvər kadrlar Azərbaycan səhiyyəsinin inkişafına, ölkəmizdə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşmasına əvəzsiz töhfə verirlər.
AZERTAG.AZ :Gənc həkim-uroloq: Azərbaycan səhiyyəsinin sürətli inkişafı bizi daha da həvəsləndirir
Gənc həkim-uroloq: Azərbaycan səhiyyəsinin sürətli inkişafı bizi daha da həvəsləndirir