A+
A–

Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
Suraxanı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclasında müsabiqənin qalibləri mükafatlandırılıb.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirib. İ.Abbasov fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini qeyd edib.
Fondun icraçı direktoru Vüqar Səfərli 2015-ci ilin ölkəmiz üçün bir sıra əlamətdar hadisələrlə zəngin olduğunu bildirib və bu baxımdan tarixdə ilk dəfə Bakıda keçirilmiş birinci Avropa Oyunlarının önəmini qeyd edib. Vüqar Səfərli ilk Avropa Oyunlarının məşəlinin Suraxanı rayonunda yerləşən Atəşgah məbədində alovlandırılmasını hər bir rayon sakini üçün qürur doğuran hadisə kimi qiymətləndirib.
2015-ci ilin Azərbaycan jurnalistikası üçün də əlamətdar il olduğunu vurğulayan Vüqar Səfərli dövlətimizin başçısının sərəncamları ilə milli mətbuatın yaranmasının 140 illik yubileyinin təntənəli şəkildə qeyd edildiyini, 180 nəfər jurnalistin fəxri ad, orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.
Vüqar Səfərli Fondun Suraxanı Rayon İcra Hakimiyyəti ilə 2015-ci il noyabrın 24-dən 2016-cı il yanvarın 15-dək keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 31 kütləvi informasiya vasitəsindən 54 yazının daxil olduğunu, yazıların 6 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Vüqar Səfərli müsabiqənin şərtlərinə görə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfərin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirib.
İcraçı direktor media ilə əməkdaşlığın inkişafında fəal roluna görə Suraxanı rayonunun rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
AZERTAG.AZ :Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb