A–
Bakı, 27 fevral, AZƏRTAC
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılan Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
NİİM-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhərinin erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edildiyini və dinc əhaliyə amansızlıqla divan tutulduğunu, 613 nəfər Xocalı sakininin amansızlıqla qətlə yetirildiyini, 1275 nəfər dinc sakinin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldığını diqqətə çatdırıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atılıb.
Tədbirdə Azərbaycanın haqq səsinin eşidiləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, xalqımızın işğal altındakı bütün torpaqlarını düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.
AZERTAG.AZ :Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib