A–
Qəbələ, 29 fevral, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələnin torpaq və iqlim şəraiti burada meyvəçiliyin inkişafı, xüsusən də qoz və fındıq istehsalının artırılması, üzümçülüyün böyük sahələrdə becərilməsi üçün çox əlverişlidir. Rayonda kənd təsərrüfatının bu mühüm sahələri daim diqqət mərkəzində saxlanılır, onun inkişaf etdirilməsinə böyük qayğı göstərilir. Respublikamızın iri aqrar rayonlarından biri olan Qəbələdə kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir. Belə ki, son vaxtlar Qəbələdə meyvəçilik və üzümçülük sahələrinin dirçəldilməsi, onun keçmiş şöhrətinin özünə qaytarılması məqsədilə mühüm tədbirlər həyata keçirilir.
Qəbələ fındıq emalı müəssisəsinin məhsulu xarici bazarlara çıxarılır
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bağçılıq Qəbələnin iqtisadiyyatında əsas yerlərdən birini tutur. Hazırda rayonda 10 min 424 hektar meyvə bağı mövcuddur. Ötən il Qəbələdə 3210 hektar fındıq bağından 6300 ton məhsul əldə edilib. Bu da ötən illə müqayisədə 150 ton çoxdur. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, sərfəli qiymətə Qəbələ fındıq emalı müəssisəsinin qəbul məntəqələrinə də satırlar. Bu da kəndliləri ildən-ilə fındıq bağlarını genişləndirməyə və məhsuldarlığı artırmağa həvəsləndirir. Ötən il rayonda 45 hektar sahədə yeni fındıq bağı salınıb. Bu isə 2014-cü ildəkindən 17 hektar çoxdur.
Qəbələ fındıq emalı müəssisəsi 2005-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Müəssisə müasir texnoloji avadanlıqlarla təchiz olunub və dünya standartlarına uyğun məhsul istehsal edir. Fındıq əsasən əhalidən tədarük olunur. Müəssisə tam gücü ilə işləyəndə burada 250 nəfər işçi çalışır. Emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukraynaya ixrac edilir.
Rayonda konserv zavodunun fəaliyyət göstərməsi kəndlilərin
meyvəçiliyə marağını daha da artırıb
Həmçinin, rayonun kəndlərində məhsul istehsalçıları sonuncu mövsümdə 386 hektar şabalıd bağından 410 ton, 156 hektar qoz bağından isə 370 ton məhsul əldə ediblər. Fermerlər son bir ildə 20 hektar sahədə yeni şabalıd və 32 hektar qoz bağları salıblar. Alma, armud, gilas, şaftalı, ərik, alça, zoğal bağlarının da ərazisi ildən-ilə artırılır və daha çox məhsul istehsal olunur. Kəndlilər topladıqları məhsulu öz həyətlərində münasib qiymətə müştərilərə satırlar.
Rayonda konserv zavodunun fəaliyyət göstərməsi kəndlilərin meyvəçiliyə marağını daha da artırıb. Onlar öz məhsullarını sərfəli qiymətə bu istehsal müəssisəsinə sata bilirlər. On iki hektar ərazidə yerləşən Qəbələ konserv zavodunun istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilib, xaricdən gətirilən avadanlıq quraşdırılıb. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. 2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılan bu zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur. Zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Hazır məhsulu keyfiyyətlə saxlamaq üçün Azərbaycanda tam fərqli və regionda analoqu olmayan anbar inşa edilib. Xüsusi temperatur və gigiyenik şəraitin yüksək səviyyədə qorunduğu anbar məhsulların təravətli qalmasını təmin edir.
Əsas məqsəd Qəbələdə qədim tarixə malik olan şərabçılıq sahəsinin əvvəlki şöhrətini bərpa etməkdir
Bundan əlavə, Qəbələdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq bu sahənin inkişaf etdirilməsi istiqamətində fiziki və hüquqi şəxslər tərəfindən ardıcıl işlər görülür. Ötən il fermerlər tərəfindən rayonda 15 hektar sahədə yeni üzüm bağı salınıb. Hazırda rayonda 480 hektar sahədə üzüm bağı mövcuddur. Hələ keçmiş sovetlər dövründə rayonda 1100 hektardan artıq üzüm sahəsi olub və üzümün ilkin emalı müəssisəsi fəaliyyət göstərib. Məlum antialkoqol tədbirləri çərçivəsində həmin üzüm sahələri tamamilə məhv edilmişdi. Lakin son illər rayonda üzümçülük və şərabçılığın inkişafı diqqət mərkəzindədir. Hazırda rayonda iki hüquqi və bir fiziki şəxs tərəfindən yeni üzüm plantasiyalarının salınması istiqamətində işlər aparılır. 2015-ci ildə rayonun üzümçülük təsərrüfatlarından 3743 ton məhsul tədarük olunub.
İndiyədək “Aqro-Azərinvest” MMC tərəfindən 165 hektar sahədə, “Aspi-Aqro” MMC tərəfindən 340 hektar sahədə, fiziki şəxs Fədail Rəhimov tərəfindən isə 26 hektar sahədə yeni üzüm plantasiyaları salınıb. Sahələrə Gürcüstandan Saperavi, Rkasiteli, Mtsvane, Aleksandrauli, Fransadan Cabernet, Sauvignon, Cabernet Franc, Pinot Noir adlı calaqlı texniki üzüm sortları, eləcə də Özbəkistandan süfrə üzüm sortları olan Batır, Qara kişmiş, Ağ kişmiş, Çəhrayı tayfu gətirilərək əkilib. Rayonda üzümçülüyü və şərabçılığı ildən-ilə inkişaf etdirməyi qarşıya məqsəd qoyan “Aqro-Azərinvest” MMC tərəfindən Qəbələdə şərab istehsalı zavodu, “Aspi-Aqro” MMC tərəfindən isə üzüm emalı zavodu inşa olunub.
Rayonun Qaradeyn kəndi ərazisində “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunun fəaliyyətə başlaması bölgədə üzümçülüyün inkişafına təkan verib. Zavodun inşasında və yeni üzüm bağlarının salınmasında əsas məqsəd Qəbələ rayonunda qədim tarixə malik olan şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi və Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir.
“Aspi-Aqro” MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın “VİVA Cooperative Rausedo” VCR və Fransanın “Gontard Freres” şirkətləri ilə sıx əlaqə yaradaraq Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə – Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salıb. Ərazinin dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və müxtəlif yerlərdən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri Qəbələdə yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.
“Aspi Winery” üzüm emalı müəssisənin illik istehsal gücü 1000 tondur. Zavod İtaliyanın ən məşhur şirkətlərinin avadanlığı ilə təchiz olunub. Hazırda burada 7 növ məhsul istehsal olunur. Gələcəkdə 11 növ məhsulun istehsalı planlaşdırılır. Burada istehsal olunan “Savalan” şərablarını məşhurlaşdıran hər şeydən əvvəl ideal coğrafi və iqlim şəraitidir. Belə şəraitdə yetişmiş üzüm özünəməxsus xüsusiyyətlərə malik autentik şəraba çevrilir. Bu, əsrlərlə formalaşan ənənələrin və müasir şərabçılıq meyillərinin ahəngidir. Zavodda konyak və şərab məhsulları yüksək ixtisaslı xarici mütəxəssislərin rəhbərliyi ilə istehsal olunur və yoxlanılır. Şərablar müəyyən olunmuş bütün normalara riayət edilməklə zirzəmidə palıd çəlləklərdə saxlanılır ki, bu da ona əlavə ətir verir. İstehsal olunan şərab məhsulları Rusiyaya ixrac edilir. Şərabların gələcəkdə Ukrayna, İtaliya, İsveç və başqa ölkələrə ixrac edilməsi də planlaşdırılır. Zavodda ən müasir avadanlıqla təchiz edilən laboratoriya yaradılıb. İstehsal olunan məhsullar İngiltərədən alınan və MDB məkanında yalnız bu müəssisədə quraşdırılan lazer analiz aparatı ilə yoxlanır. Bu aparat kimyəvi preparatlarsız işləyir və bir dəqiqə ərzində şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir. Standart laboratoriyalarda bu cür analizlər iki həftədən çoх vaxt aparır.
“Aspi-Aqro”nun “Aspi Winery” üzüm emalı müəssisəsinə məxsus 340 hektar sahədə üzüm plantasiyası mövcuddur. Həmin ərazidə İtaliyadan gətirilən 22 sort şərab və 14 sort süfrə üzümləri əkilib. Ötən il həmin üzüm bağından 900 tona yaxın məhsul toplanıb. Burada 200 nəfər işlə təmin edilib. Ən başlıcası isə hazırda bu müəssisə Qəbələ rayonunda əhalinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynayır.
AZERTAG.AZ :Qəbələdə meyvəçilik və üzümçülük inkişaf etdirilir




