Bakı Ağır Cinayətlər Məhkəməsində Sahil qəsəbəsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Zaur Tərlanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxsin nümayəndəsi Ceyhun Yusifov və hüquqi nümayəndə çıxışında prokurorun istədiyi ömürlük cəza ilə razılaşıb.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi martın 14-də davam edəcək.
Qeyd edək ki, hadisə 2014-cü il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Orada yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarını öldürüb. Z.Tərlanov Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturan qardaşlara özünə məxsus “Vinçester” markalı odlu silahdan bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb hadisə yerindən qaçıb.
İlkin araşdırmalar zamanı hadisənin qız üstündə baş verdiyi bildirib.
Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.