A+
A–

Bakı, 3 mart, AZƏRTAC
Orta və ahıl yaşlarda bir çox xəstəliklərin inkişafının qarşısını almaq üçün orqanizmi müntəzəm fiziki hərəkətlərlə təmin etmək lazımdır. Alimlər müəyyən ediblər ki, qaçmaqla müqayisədə rəqs etmək nəinki ovqatı yüksəldir, həm də sağlamlığa daha faydalıdır.
Avstraliya alimləri müşahidə ediblər ki, bu ölkənin yaşlı sakinlərinin rəqs məktəblərinə müntəzəm getməsi nəticəsində ürək-damar xəstəliklərindən ölüm riski azalıb.
AZƏRTAC “health-ua.org” saytına istinadla xəbər verir ki, Yaşıl qitənin iki universitetinin – Sidney və Qərbi Sidney universitetlərinin əməkdaşları yaşı 40-dan yuxarı olan bir qrup könüllünü 10 il ərzində müşahidə ediblər. Tədqiqatda 48 390 kişi və qadın iştirak edib.
Eksperiment üçün seçilən könüllülərin heç birinin ürək-damar xəstəlikləri ilə bağlı problemi olmayıb.
İştirakçıların həyat tərzinin öyrənilməsi göstərib ki, həftədə bir neçə dəfə rəqs məktəbinə gedən könüllülərdə kardioloji xəstəliklərdən ölüm riski illərlə rəqs etməyən yaşıdlarına nisbətən 46 faiz azalıb.
Alimlərin fikrincə, rəqslə məşğul olmaq ürək-damar xəstəliklərinin inkişafı və bu xəstəliklərdən ölüm riskinin qarşısının alınmasında qaçışa nisbətən daha səmərəlidir. Qaçışla məşğul olan tədqiqat iştirakçıları ilə müqayisədə rəqslə məşğul olanlarda ürək xəstəliklərindən ölüm riski əlavə 21 faiz azalıb.
Ancaq tədqiqat müəllifləri qeyd edirlər ki, ürək-damar sisteminə heç də bütün rəqslər müsbət təsir göstərmir. Yalnız sürətli və coşqun rəqs hərəkətləri faydalıdır. Asta rəqslərin bu cür xüsusiyyəti yoxdur.
AZERTAG.AZ :Samba, rumba və tvist ürək xəstəliklərinin inkişafının qarşısını alır