“Füzuli rayonu mənim üçün həm də xaricdi” - MÜSAHİBƏ

“Füzuli rayonu mənim üçün həm də xaricdi” - MÜSAHİBƏ
12:42 1 Yanvar 2015
169 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən Bakının “İnter” klubunun qapıçısı Səlahət Ağayevin müsahibəsini təqdim edir
- Artıq tarixin yaddaşına köçən 2014-cü ili xatırlamağa dəyərmi?

- 2014-cü il mənim üçün yaxşı keçdi. Klubumda mütəmadi oynadım. Bu da futbolçu üçün vacib məqamdı. Digər tərəfdən uğursuz starta baxmayaraq, mövsümü titulla başa vurduq. Klubdakı oyunum yığmadakı mövqeyimə də təsir etdi. Norveçlə rəsmi görüşdə əsas heyətdə yer aldım.
 
- Şəxsi həyatınız haqda danışmaq istəmirsiniz?
 
- İndiki məqamda bütün diqqəti karyeramızın uğurlu alınmasına yönəltmişik. Buna görə də şəxsi həyatımız bir qədər kölgədə qalıb. Həm də şəxsi həyatımda hansısa ciddi dəyişiklik baş verməyib. Evlənməyi nəzərdə tutursunuzsa, hələlik subaylığın daşını atmamışam.
 
- 2015-ci il qoyun ili üzərində təhvil verildi. Buna əsasən də ilin necə keçəcəyi ilə bağlı müxtəlif fikirlər yürüdülür. Bu cür “fala baxmalar”a inanırsınızmı?
 
- İnanırsınızmı deyəndə ki, il təzə başlayıb. Necə olacağını indidən demək mümkün deyil. At olsun, qoyun olsun fərqi yoxdu, əsas odu ilimiz bərəkətli keçsin.
 
- İdmançılar fasilə zamanı xaricə üz tuturlar, orada dincəlməyə çalışırlar. Siz harda istirahət edirsiniz?
 
- Ailəm, bütün qohum-əqrəbam Füzulidə yaşayır. Füzuli rayonu mənim üçün həm də xaricdi. İstirahət etmək üçün burdan yaxşı yer tapmağım mümkün deyil. Çünki daim Bakıda oluram, onları görmək imkanım az olur.
 
- Deyirlər, insan doğulub, boya-başa çatdığı yeri ziyarət etdiyi zaman, ordan güc alır. Bunu hiss edirsinizmi?
 
- Bakıda və ya başqa yerdə 3-4 ay qalan zaman nəyinsə çatışmadığını hiss edirsən. Sanki məni nəsə bura çəkir. Bu da təbiidi. Çünki burda böyümüşəm, qohumlarım burdadı. Hərənin öz baxışı, yanaşması var. Mən də darıxan zaman kəndimizə gəlirəm.
 
- Şaxta babadan özünüz üçün nə istədiniz?
 
- Əlcək.
 
- “İnter”lə bağlı 2015-ci il üçün ilk bəd xəbəri baş məşqçinin yayda komandadan gedəcəyinin dəqiqləşməsini saymaq olarmı?
 
- Hər bir insan karyerasının yüksələn xətlə inkişaf etməsini istəyir. Gürcüstan yığmasında işləmək də pis nəticə deyil. Futbolçusu kimi ona uğurlar arzulayıram. Amma ən azı yaya qədər “İnter”in baş məşqçisidi. Ondan sonra da ölkəsinin yığmasına kömək edəcək. Xeyirli olsun.
 
- İndidən fikir yürüdülür ki, onun gedişindən sonra “İnter” 2-3 il özünə bənzəməyəcək...
 
- Bunu təzə məşqçi gəldikdən sonra bilmək olacaq. Bəlkə yeni gələn komandanı elə toparlayacaq ki, avrokubokların qrup mərhələsində oynayacağıq. Və ya əksinə, çempionatda aşağı pillələrdə qərarlaşacağıq. Bunu zamanın ixtiyarına buraxmaq lazımdı.
 
- Kaxaber Sxadadzenin Gürcüstan yığmasını seçəcəyini gözləyirdinizmi?
 
- Söz-söhbət gəzirdi. Mətbuatdan oxumuşdum ki, Tbilisi “Dinamo”suna keçir. Özünün arzusu idi, yığma komandanı çalışdırmaq. Baş məşqçi üçün millidə işləmək böyük işdi. “İnter” də pis komanda deyil. Ancaq o, yığmada özünü daha yaxşı tərəfdən göstərib, Avropanın iddialı klublarından birinə keçə bilər.
 
- Qış fasiləsini necə, istədiyiniz yerdə yollandınız?
 
- Çempion olmaq istəyirik. Hazırda isə liderdən 5 xal geri qalırıq. Hələ ki, nəticə pis deyil. Yalnız “Qarabağ” bizi qabaqlayıb. Onlar da Azərbaycanın ən yaxşı komandalarından biridir. Bu baxımdan, hələ heç nə itirilməyib. Mübarizə qabaqdadı.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR