A–
Bakı, 11 mart, AZƏRTAC
İordaniyanın sabiq Baş naziri, Beynəlxalq İslam Akademiyasının prezidenti Əbdüssəlam Əl-Məcali Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarənin sədri şeyxülislam Allahşükür Paşazadə ilə keçirilən görüşdə Azərbaycan və İordaniya arasında tarixi mədəni, mənəvi əlaqələr barədə danışılıb, bu münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Qonaq Azərbaycanda keçirilən IV Qlobal Bakı Forumunun iştirakçısı kimi təəssüratlarını danışıb, qardaş ölkələrimizin tolerantlıq, multikulturalizm sahəsində malik olduğu dəyərli ənənənin dünya üçün əhəmiyyətini qeyd edib.
İordaniyalı qonağın hər zaman Azərbaycanın dostu olduğunu vurğulayan şeyxülislam A.Paşazadə onunla müxtəlif vaxtlarda mötəbər tədbir və səfərlər zamanı ünsiyyətlərini xatırladıb. Azərbaycana ikinci dəfə səfər etdiyini bildirən Əl-Məcali müasir dövrdə Azərbaycan və İordaniya dostluğunun, qardaşlığının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan və İordaniya İslam dünyasında tərəqqi edən, oxşar tarix, mədəniyyət və mənəvi dəyərlərə malik iki dövlət kimi dünya üçün təqdirəlayiq nümunədir.
Şeyxülislam Azərbaycan və İordaniya xalqlarının müdrik dövlət rəhbərlərinə malik olmasını Uca Allahın lütfü kimi dəyərləndirib. O bildirib ki, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan naminə misilsiz fəaliyyətləri kimi, mərhum Kral Hüseyn və hazırkı Kral Abdullahın öz xalqları üçün gördükləri işlər dövlətlərimizin inkişafına və dünyada mövqelərinin məhkəmlənməsinə xidmət edir.
Şeyxülislam A.Paşazadənin İordaniya Kral Akademiyasının fəal üzvlərindən biri kimi fəaliyyətini yüksək dəyərləndirən qonaq onu nüfuzlu elm və din xadimi kimi bütün İslam aləmi üçün önəmli şəxsiyyət kimi səciyyələndirib. QMİ sədri, öz növbəsində, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədri kimi nəzərdə tutulan tədbir və layihələr barədə qonağa məlumat verib.
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov görüşdə iştirak edib.
AZERTAG.AZ :Azərbaycan ilə İordaniya arasında mədəni-mənəvi əlaqələr müzakirə edilib