İşdən çıxarılan Mahmud Quliyevin qardaşından polisə şikayət edilib

Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq etməkdə ittiham olunan şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qardaşıdır. Lent.az xəbər verir ki, bu barədə report-a M.Quliyevin yaxınlarından biri məlumat verib.

Məlumata görə, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.

Məlumata görə, Mahmud Quliyevlə Hümbət Səfərov doğma qardaş olsalar da, soyadları fərqlidir.

M.Quliyev açıqlamasında qardaşı ilə bağlı şikayətdən xəbərsiz olduğunu deyib: “Hazırda xarici ölkələrdən birində istirahətdəyəm”.

S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.

Lent.az-ın əldə etdiyi məlumata görə, müraciət əsasında Xətai rayon Prokurorluğunda cinayət işi açılıb və işin istintaqı Xətai rayon Polis İdarəsinə tapşırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 3-də imzaladığı sərəncamla Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Akif İsmayıl Səlimov isə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.