A–
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2016-2017-ci tədris ili üçün kursant qəbulu elan edir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Akademiyada Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və Yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Akademiyaya qəbul olmaq istəyən namizədlər tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı, yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşadək Azərbaycan vətəndaşları sırasından seçilirlər.
FHN-də sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarında iştirak edirlər. Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxanada yerlə təmin olunur və təqaüd alırlar. Bu təhsil müəssisəsində müasir avadanlıqla təchiz edilmiş laboratoriyalar, ixtisaslaşdırılmış auditoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsindədir.
Sənədlər aprelin 1-dən 30-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi) qəbul edilir.
Ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytlarından almaq mümkündür.
AZERTAG.AZ :Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edir