A+
A–

Tbilisi, 14 mart, AZƏRTAC
Martın 14-də Tbilisidə “Cənubi Qafqaz regionunda ana və uşaq sağlamlığının qorunması” mövzusunda konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin Əhali Fondu, Dünya Səhiyyə Təşkilatı (DST) və Gürcüstanın Səhiyyə Nazirliyinin birgə təşkil etdikləri tədbirdə ana və uşaq sağlamlığının qorunması, reproduktiv sağlamlıq, ailə planlaşması, infeksion xəstəliklərə, cinsi zorakılığa qarşı mübarizə sahəsində görülən işlər müzakirə olunur.
Konfransda beynəlxalq təşkilatların, Şərqi Avropa, Orta Asiya və Cənubi Qafqaz ölkələrinin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova konfransda çıxış edərək ölkəmizdə bu sahədə görülən işlər, qəbul olunmuş dövlət proqramının, qanun və normativ hüquqi aktların icrası barədə məlumat verib.
Bildirib ki, dünya üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı göstəricilərdən biri də ana və uşaq ölümü ilə bağlı göstəricilərdir. Ana və uşaq ölümü faktlarının aşağı olması həmin ölkələrdə əhalinin sağlamlığının əsas göstəricisi hesab olunur. Bu baxımdan da Azərbaycanda həmin məsələ dövlətin diqqət mərkəzindədir. Ana və uşaqların sağlamlığının qorunması Azərbaycan səhiyyəsində prioritet istiqamətdi. Reproduktiv sağlamlığa dair 2007-ci ildə qəbul olunmuş dövlət proqramında ana və uşaq sağlamlığı, ailə planlaşması, yeniyetmələrin reproduktiv sağlamlığı, cinsi yolla keçən xəstəliklərlə, zorakılıq və seksual istismara qarşı mübarizə məsələləri əksini tapmışdır. Proqramın qəbulundan sonra həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə mühüm nailiyyətlər əldə olunub. Belə ki, son illər ana ölümü halları 3 dəfəyədək azalıb.
L.Məmmədova deyib ki, ölkəmizdə prenatal xidməti geniş inkişaf edib və 7 rayonda belə mərkəzlər yaradılıb. Eyni zamanda normativ sənədlərdə dəyişikliklər olunub, xəstəliklərin beynəlxalq təsnifatı tətbiq edilib, klinik protokollar tərtib olunub. Azərbaycanda tərtib olunan 91 protokolun 30-u ana və uşaq sağlamlığı ilə əlaqəlidir. Bu da ana və uşaq sağlamlığı sahəsində ən yüksək göstəricidir.
Səhiyyə nazirliyinin nümayəndəsi görüləcək işlərdən də danışıb. Bildirib ki, yeniyetmələrin reproduktiv sağlamlığı, ailə planlaşması və s. məsələlər hələ də tam öz həllini tapmayıb. Bu istiqamətdə tədbirlər davam etdiriləcək.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
BMT Əhali Fondunun Cənubi Qafqaz və Azərbaycan üzrə nümayəndəsi Fərid Babayev AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması barədə məruzəsi maraqla qarşılanıb. Müzakirələr zamanı Azərbaycanda ana və uşaqların sağlamlığı, reproduktiv sağlamlıq, erkən nikahların, eləcə də, QİÇS və digər infeksion xəstəliklərin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Beynəlxalq ekspertlər Azərbaycanda 2007-2015-ci illər arasında həyata keçirilən məqsədyönlü tədbirləri, qəbul olunmuş dövlət proqramlarının icrasını xüsusilə bəyəniblər. Ölkəmizdə ana ölümünün 2,3 dəfə azalması böyük nailiyyət kimi qiymətləndirilib. Azərbaycanda ana və uşaq sağlamlığı ilə bağlı yeni konsepsiya və fəaliyyət planının hazırlanması BMT və DST ekspertləri tərəfindən xüsusi qeyd olunub. Bildirilib ki, 2017-2021–ci illəri əhatə edəcək sənəddə hamilə qadınlara göstərilən antenatal və prenatal (doğuşdan əvvəl və doğuşdan sonra) xidmət, ailə planlaşması, reproduktiv seçim, cinsi yolla keçən xəstəliklərə, selektiv abortlara, erkən nikaha qarşı mübarizə, yeniyetmə və reproduktiv yaşına çatan insanlarla təbliğat məsələlərin əksini tapması digər ölkələr üçün gözəl nümunədir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
AZERTAG.AZ :Azərbaycanda ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən tədbirlər yüksək qiymətləndirilib
Azərbaycanda ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən tədbirlər yüksək qiymətləndirilib
Azərbaycanda ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən tədbirlər yüksək qiymətləndirilib
Azərbaycanda ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən tədbirlər yüksək qiymətləndirilib