A–
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Mətbuat Şurasının (MŞ) şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya gündəliyə 5 məsələnin salınmasını məqbul hesab edib.
Əvvəlcə Yasamal Rayon İcra Hakimiyyətinin “Qaynar.info” saytında bu qurumla bağlı gedən yazılarla əlaqədar müraciətinə baxılıb. Komissiya məsələnin mahiyyətində ictimaiyyətin daha dolğun məlumatlandırılması üçün bəzi məqamlara aydınlıq gətirilməsini vacib hesab edib. Həmçinin Mətbuat Şurasının və hər iki qurumun təmsilçilərindən ibarət komissiya yaradılmasını məntiqi sayıb.
Komissiya iclasda “Reportyor.org” və “Aktualxeber.info” saytlarının fəaliyyətlərində “reket jurnalistika”ya xas cəhətlərin özünü qabarıq büruzə verdiyi qənaətinə gəlib. Belə ki, ölkə hüdudlarından kənarda qeydiyyatdan keçən “Reportyor.org” bunu peşə fəaliyyəti və etik prinsiplərlə bir araya sığmayan hərəkətləri üçün sərbəst fəaliyyət göstərməyə imkan kimi dəyərləndirib. Belə qeyri-etik yanaşma Mingəçevir Şəhər İcra Hakimiyyəti barədə son vaxtlar yayımlanan, əsası olmayan materiallarda ifadəsini tapıb. Komissiya rəyə gəlib ki, saytın rekvizitlərinin, hətta elektron poçtunun göstərilməməsi də buna xidmətin əlamətləridir.
“Aktualxeber.info” barədə isə belə ölçü götürülməsi ondan irəli gəlib ki, sayt insanların şərəf və ləyaqətinin təhqirini, işgüzar nüfuzunun ifrat şəkildə aşağılanmasını Zaqatala şəhər 2 nömrəli tam orta məktəbin şikayətini doğuran yazıda qabarıq şəkildə nümayiş etdirib. Bu kütləvi informasiya vasitəsinin rəhbərliyi iclasda iştirak etmək və həmin məqamlara aydınlıq gətirmək əvəzinə müzakirədən yayınmağı üstün tutub.
Komissiya Xaçmaz rayonunun Armudpadar kənd sakini Qərənfil Abasovanın “Vəkilin səsi” qəzeti barədə şikayəti ilə əlaqədar araşdırmaların davam etdirilməsi barədə də rəy çıxarıb.
AZERTAG.AZ :Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclasında beş məsələyə baxılıb