A+
A–

Qəbələ, 29 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində ilk-peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında ifa üzrə respublika müsabiqəsinin zona mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ilk-peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinə Azərbaycan bəstəkarlarının əsərlərinin və xalq mahnılarının, rəqslərinin öyrədilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, şagird və tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək, xüsusi istedada malik gəncləri üzə çıxarmaq, ifa mədəniyyətini yüksəltməkdir. Azərbaycan bəstəkarlarının estrada mahnıları, təsnif və xalq mahnıları, şeir və rəqs nominasiyaları üzrə üzrə keçirilən müsabiqədə Balakən, Oğuz, Şəki və Qəbələ rayonlarının ilk-peşə və orta ixtisas təhsili müəssisələrinin qalibləri iştirak edib.
Zona üzrə müsabiqənin nəticələrinə görə, təsnif və xalq mahnıları nominasiyası üzrə Şəki Musiqi Kollecinin tələbəsi Zümrüd Səlimova, mahnı nominasiyası üzrə Qəbələ Peşə Liseyinin şagirdi Məleykə Məmmədrzayeva, şeir nominasiyası üzrə Şəki Pedaqoji Kollecinin tələbəsi Sevinc Kazımova, rəqs nominasiyasında isə Balakən Peşə Liseyinin qızlardan ibarət rəqs qrupu birinci yeri tutaraq respublika yarışlarının final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Qalib gələn iştirakçılar aprelin 25-də Bakı şəhərində keçiriləcək final yarışlarında iştirak edəcəklər.
AZERTAG.AZ :Qəbələdə ifaçılıq üzrə respublika müsabiqəsinin zona mərhələsi başa çatıb