A+
A–

Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) sosial elmlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırovanın “Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Azərbaycan” adlı dərs vəsaiti çapdan çıxıb. Universitetin Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru professor Qüdrət İsmayılzadədir.
ADU-dan AZƏRTAC-a bildirilib ki, dərs vəsaitində Azərbaycanda əkinçilik mədəniyyətinin formalaşmasına təsir göstərən amillər, əlverişli iqlim şəraiti, relyef, bitki örtüyü, heyvanat aləminin müxtəlifliyi əksini tapıb, abidələrin, yaşayış yerlərinin geniş təsnifatı, sənətkarlıq və onun müxtəlif sahələri haqqında məlumat verilib. Nəşrin əsas aktual cəhəti isə Azərbaycan əkinçilik mədəniyyətinin Ön Asiya ənənələrinin təsiri altında təşəkkül tapması deyil, onun tərkib hissəsi olması haqqında tutarlı dəlillərin irəli sürülməsidir.
Kitab “Tarixi Azərbaycan torpaqlarının təbii-coğrafi şəraiti və qədim istehsal formalarının təşəkkülünü doğuran amillər”, “Tarixi Azərbaycanın ən qədim istehsal kompleksləri: morfoloji-topoqrafik xüsusiyyətlər”, “Qədim əkinçilik dövründə Azərbaycanda istehsal təsərrüfatı strukturları və onların özəllikləri”, “Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Cənubi Qafqaz-Azərbaycan paralelləri” bölmələrindən ibarətdir.
“Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Azərbaycan” vəsaiti Azərbaycanın ibtidai icma quruluşunu öyrənən tələbələr, ali məktəb müəllimləri, həmçinin elmi işçilər üçün də nəzərdə tutulub.
AZERTAG.AZ :“Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Azərbaycan” kitabı nəşr olunub