Bakı, 19 fevral, AzərTAc
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə III ağıl oyunları festivalı təşkil olunacaq. Xəzər İntellektual Gənclər Klubu tərəfindən həyata keçiriləcək layihədə ölkənin 16 regionundan gənclərin iştirakı gözlənilir.
AzərTAc xəbər verir ki, festivalın keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının və bu qəbildən oyunların ölkənin bütün ərazisini əhatə etməsinin təmin olunmasıdır. Festivalda yaşı 29-dək olan gənclər iştirak edə bilərlər.
Layihənin seçim turları martın 14-də Bakıda, martın 28-də isə isə ölkəmizin müxtəlif regionlarında keçiriləcək. Seçim turlarında ən yaxşı nəticə göstərən 60 komanda intellektual oyunlar üzrə III festivalın Bakıda təşkil olunacaq finalına vəsiqə qazanacaq.
Final mərhələsi aprelin 4-5-dən Bakıda, “Kempinski Hotel Badamdar”da təşkil olunacaq.