Dünya Səhiyyə Təşkilatı hökumətləri 17 unudulmuş tropik xəstəlik əleyhinə mübarizəyə investisiyaları artırmağa çağırır

21:33 19 Fevral 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc
Denqe, quduzluq, traxoma, Şaqas xəstəliyi və s. kimi unudulmuş tropik xəstəliklər xüsusən aztəminatlı insanlar arasında korluğa, eybəcərliyə, davamlı əlilliyə və ölüm hallarına gətirib çıxarır. AzərTAc Dünya Səhiyyə Təşkilatının (DST) rəsmi saytına istinadla xəbər verir ki, DST 1,5 milyarddan çox adamın sağlamlıq durumunu və rifahını yaxşılaşdırmaq üçün ölkələrə müraciət edərək, onları 17 unudulmuş tropik xəstəlik əleyhinə mübarizəyə investisiyaları artırmağa çağırıb.
DST-nin “Unudulmuş tropik xəstəliklərin təsirinin qarşısını almaq məqsədi ilə maliyyələşdirmə” sərlövhəli məruzəsində bu xəstəliklər əleyhinə mübarizəyə investisiyanın yatırılması əsaslandırılıb və əsas tədbirlər şərh edilib.
2015-2030 illər dövrü üçün həmin investisiyalar əhalisinin gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə səhiyyəyə cari daxili xərclərin yalnız 0,1 faizini təşkil edəcək. Məruzədə ən yoxsul insanlara hesablanan tədbirlərin miqyasının xeyli dərəcədə genişləndirilməsi sayəsində son illər əldə olunan tərəqqi işıqlandırılır. Məsələn, təkcə 2012-ci ildə 800 milyondan çox adam ən azı bir unudulmuş tropik xəstəlikdən müalicə alıb. 2014-cü ildə rişta qurdunun doğurduğu drakunkulyoz xəstəliyinə cəmi 126 tutulma faktı qeydə alınıb, halbuki həmin göstərici 2010-cu ildə təqribən 1800, 1980-ci illərin ortalarında 3,5 milyon xəstə təşkil edib. Davamlı səylər və investisiyalar sayəsində bu xəstəlik aradan qaldırıla bilər.
DST-nin baş direktoru, doktor Marqaret Çan deyib: “Milli hökumətlərin investisiyaları artırmaları bəşəri məşəqqətlərin yüngülləşməsinə, iqtisadi nailiyyətlərin daha bərabər paylanmasına və çoxlu insanın uzunmüddətli yoxsulluqdan qurtulmasına kömək edə bilər”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_Sehiyye_Teskilati_hokumetleri_17_unudulmus_tropik_xestelik_eleyhine_mubarizeye_investisiyalari_artirmaga_chagirir-833533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR