A–
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fotoinformasiya baş redaksiyasının baş redaktoru Vüqar Əmrullayev Avropa Peşəkar Fotoqraflar Federasiyasının (FEP) tələblərini yerinə yetirərək bu qurumun xüsusi sertifikatını alıb.
AZƏRTAC xəbər verir ki, V.Əmrullayev Azərbaycandan FEP-in peşəkar fotoqrafı statusuna layiq görülən ilk fotomüxbirdir.
FEP-in sertifikatında qeyd olunur ki, V.Əmrullayev Federasiyanın peşəkar fotoqrafı statusunu almaq üçün bütün texniki tələblər və biliklərlə bağlı lazımi öhdəlikləri uğurla yerinə yetirib.
1992-ci ildə yaradılan və 29 ölkənin milli fotoqraf qurumlarını birləşdirən FEP 50 mindən çox avropalı peşəkar fotoqrafı təmsil edir. Federasiya müxtəlif ölkələrdən olan fotoqraflar üçün peşəkarlıq standartları, müəllif hüquqları üzrə təlimlər və digər məsələlərə dair kurslar və seminarlar keçirir. FEP, həmçinin peşəkar fotoqraflar üçün bir neçə mükafat təsis edib. Təşkilatın ən yüksək mükafatları sırasında “İlin peşəkar fotoqrafı” və “İlin fotoalbomu”nu qeyd etmək olar. Federasiyanın mərkəzi ofisi Brüsseldə yerləşir.
Qeyd edək ki, V.Əmrullayev 2003-cü ildən AZƏRTAC-da çalışır. O, Azərbaycan Fotoqraflar Birliyinin sədr müavinidir.
AZERTAG.AZ :AZƏRTAC-ın əməkdaşı Avropa Peşəkar Fotoqraflar Federasiyasının sertifikatına layiq görülüb