Cəbhədə baş verənlər qızğın döyüşlərin getdiyi Goranboyda müzakirə edilib. Goranboy Rayon İcra Hakimiyyətində və Aşağıağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan xocalılılar ordumuzun döyüşlərdə əldə etdiyi qələbələrin sevindirici olduğunun, düşmənin böyük itkilər verərək geri çəkildiyinin üzərində xüsusi dayanıblar.
Kəpəz TV (Region TV) xəbər verir ki, Goranboyda rayon fəalları son günlər cəbhədə baş verənlərlə bağlı müzakirələr aparıblar. Ermənilərin cəbhənin müxtəlif istiqamətlərində təxribata əl ataraq yaşayış məntəqələrini atəşə tutması qətiyyətlə pislənilib. Azərbaycan qarşısında siyasi, iqtisadi və eləcə də hərbi baxımdan zəif olan düşmənin cəbhədə uğursuzluğa düçar olmasının işğalçı ölkəni idarə edən diktator rejimin səriştəsizliyindən irəli gəldiyinə diqqət çəkilib. "Düşmən hərbi əməliyyatların davam etdiyi 3 gün ərzində Azərbaycan ordusunun gücünü gördü", - deyilən yığıncaqda Ermənistanın güclü Azərbaycan dövlətinin, ordusunun qarşısında acız qaldığı vurğulanıb. Gərgin döyüşlərin getməsinə baxmayaraq, rayonda həyat axarı ilə davam edir və əhali düşmənin həmlələrinə layiqli cavab verən milli ordunun gücünə inanaraq yaşadıqları əraziləri tərk etmək niyyətində deyil.
Goranboy rayonun Aşağıağca kənd qəsəbəsi rayon mərkəzindən 35 km aralıda cəbhə xəttinə yaxın bir mövqedə yerləşir. Burada təxminən 700-ə yaxın Xocalı rayonundan olan ailə yaşayır. Qəsəbədə gün ərzində güllə səsləri eşidilsə də, həyat burada öz axarı ilə davam edir.
Xocalılılar da rəşadətli Azərbaycan əsgərinin düşmənə sarsıdıcı zərbələr endirməsindən qürur duyur. Əlverişli hərbi yüksəkliklərin və kəndlərin işğaldan azad edilməsini ordumuzun yüksək döyüş qabiliyyətinə malik olması ilə əsaslandırıblar. Ermənilər tərəfindən soyqırıma məruz qalan xocalılılar qazanılan qələbələrin şəhid olan və qətlə yetirilən soydaşlarımızın ruhunu şad etdiyi və insanlar arasında yüksək əhval-ruhiyyə yaratdığı vurğulanıb. Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan xocalılılar düşmənin təxribat cəhdlərindən qorxmadıqlarını və tez bir zamanda üçrəngli bayrağımızın işğal altında olan bütün torpaqlarda dalğalanacağına əminlik ifadə edib.
Şükür Bəşirov - Xocalı rayon sakini: "Hamı həyətlərində işləri ilə məşğuldur. Baxa bilərsiz, əkirlər, heyvanlarını saxlayırlar. Bizdə heç kəs qəsəbədən çıxmayıb, uşaqlar da, böyüklər də buradadır. Məktəblər, bağçalar öz fəaliyyətini göstərir. Bizdə heç bir qorxu yoxdur".
Məmməd Nağıyev - Xocalı rayon sakini: "Xocalı faciəsi zamanı əsir düşüb, əsirliyin də dəhşətlərini görmüşəm. Lakin bu gün qətiyyətlə deyirəm ki, torpaqlarımızın azadlıq uğrunda xidmət etməyə hazıram. Əminəm ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü siyasət nəticəsində biz öz torpaqlarımıza qayıdacağıq. Hamı inanır ki, bu gün yaxında olacaq".
Yığıncaqda xocalılılar ali baş komandanın göstərişinə əsasən döyüşlərdə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.
KANAL S (REGİON TV) xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribatdan sonra keçirilən Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandan İlham Əliyevin məlum nitqindən irəli gələn vəzifələr Balakəndə geniş müzakirə edilib. Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanları, idarə, təşkilat rəhbərləri və rayon ziyalılarının iştirak etdiyi müşavirədə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər ermənilərin növbəti silahlı təxribatını pisləyiblər. Bildirilib ki, balakənlilər də daim ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. Bu gün Azərbaycan ordusu hərbi potensial baxımından regionun ən güçlü ordularındandır. Elə son günlər baş verən hadisələr, ordumuzun nailiyyətləri də bunu deməyə əsas verir. Müşavirədə həmçinin dövlətimizin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bütün işğal olunmuş ərazilərimizin tezliklə azad ediləcəyinə inam ifadə olunub.
Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, Göyçayda ermənilərin cəbhə xəttində törətdikləri təxribatla əlaqədar toplantı keçirilib. Tədbirdə ermənilər tərəfindən mütəmadi olaraq işğal olunmuş ərazilərimizdən kəndlərimizin və dinc əhalinin atəşə tutulması faktları pislənilib. Nəticədə dinc əhali arasında ölənlərin olduğu, təsərrüfatlara, sosial obyektlərə və avtomobillərə ciddi ziyan dəydiyi qeyd olunub. Ordumuz tərəfindən düşmənə sarsıdıcı cavab zərbələrinin endirildiyi bildirilib. Qoşunlarımızın bir neçə strateji əhəmiyyətli yüksəkliyi və kəndləri işğaldan azad etməsinin Göyçay ictimaiyyətində də ruh yüksəkliyi yaratdığı vurğulanıb. İşğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inam hissi ifadə edilib.
Yevlax rayon ictimaiyyəti də həmrəylik nümayiş etdirib. Qarabağ müharibəsi veteranları, ağsaqqallar və gənclər aprelin 2-nə keçən gecə erməni silahlı qüvvələrinin təxribatını və Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbəsini bir daha diqqətə çatdırıblar. Bunun erməni separatçılarına ciddi xəbərdarlıq olduğu vurğulanıb.
Kürdəmirlilər hər an əldə silah vətənin keşiyində durmağa, işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazırdırlar. Bu fikirlər Kürdəmirdə keçirilən yığıncaqda səsləndirilib. Rayon ictimaiyyətinin, şəhid ailələrinin, ağsaqqalların, ziyalıların, gənclərin iştirak etdiyi yığıncaqda cəbhə bölgəsində qəhrəmancasına həlak olan vətən oğullarının xatirəsi yad edilib. İştirakçılar son günlər cəbhədə ermənilərin müntəzəm olaraq törətdiyi təxribatlardan, ordumuzun əsgərlərinin şücaətindən, xalqımızın bu ağır gündə göstərdiyi həmrəylikdən danışıblar. Hər an döyüşə hazır olan kürdəmirlilər döyüş əmrinin veriləcəyi günü səbirsizliklə gözlədiklərini bildiriblər.
Milli.Az