Azərbaycanda zorlanan qadınlar... - Mentalitet və ailə

Azərbaycanda zorlanan qadınlar... - Mentalitet və ailə
13:32 20 Fevral 2015
490 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyədə 20 yaşlı universitet tələbəsi Özgecan Aslanın zorakılığa məruz qalıb vəhşicəsinə öldürülməsi hadisəsi nəinki Türkiyədə, eyni zamanda Azərbaycanda da ajiotajla qarşılanıb. Bu hadisə, demək olar, bütün Türkiyəni ayağa qaldırıb. Ölkənin birinci şəxsindən tutmuş, baş naziri, millət vəkilləri, ictimai sektor bu olaya kəskin şəkildə etiraz edirlər. Hətta bu cür hadisələrə hüquqi qiymət vermək üçün təcavüzkara ən ağır cəza olan ölüm hökmü vermək tələbi ilə çıxışlar səsləndiriblər. Kişilər Taksim meydanında mini-ətək geyinərək bu hadisəyə etiraz edəcəklərini elan ediblər. Türkiyənin sənət dünyasının məşhur adları həm meydanlarda, həm də öz sosial hesablarında Özgecan Aslan cinayətinə hayqıraraq etiraz edirlər. Bütövlükdə isə, Türkiyə ictimaiyyəti bu cür mövzulara həmişə etiraz səsini qaldıraraq cinayətlərə biganəlik nümayiş etdirmir.

Bəs Azərbaycanda?

Türkiyədə baş verən bu qanlı cinayətə bizim bir qrup gənc fəalımız da mini-ətək geyinərək dəstək oldu. Qeyd edək ki, Azərbaycanda da zorakılıq halları ilə bağlı faktlar heç də digər ölkələrdən az baş vermir. Demək olar ki, hər gün mediada cinsi zorakılıqla bağlı məlumatlar yayılmaqdadır. Amma nədənsə bizdə bu cür hadisələr ictimaiyyətin etirazına səbəb olmur. Hətta hökumət adamları, millət vəkilləri, sənətçilər bu hadisələrə biganə qalırlar. Cəmiyyətimiz hələ də qızları qınayır. Fakt kimi qeyd edim ki, ötən gün “Qafqazinfo”da 16 yaşlı qızın öz qardaşının qaynatası tərəfindən üç dəfə zorlanması, sonradan isə hamilə qalması barədə xəbər yayımlanmışdı. Həmin xəbərə gələn oxucu şərhlərindən də məlum olur ki, insanlarımız hələ də təcavüz edəni yox, təcavüzə məruz qalanı qınayırlar. Bundan bir neçə gün əvvəl 30 yaşlı bir qadın paytaxtda iki nəfər tərəfindən zorlanmışdı. Belə faktları n sayda sadalamaq mümkündür... Valideynlər övladlarının gənc yaşda başına gətirilən bu hadisələri yaxınlarından, hüquq-mühafizə orqanlarından gizlədərək təcavüzçünün cəmiyyətdə rahat şəkildə hərəkət etməsinə səbəb olurlar. Bu cür zorlama faktları ilə bağlı cinayətlər uzun müddət gizlədildikdə kim tərəfindən törədilməsinin aşkarlanması da çətinləşir. Ailələr həmin təcavüzkarı gizlətməklə sonradan baş verə verəcək zorlama cinayətlərinə də rəva vermiş olurlar. Çünki insanlara cinsi zorakılıq tətbiq edən şəxslərin əksər vaxt psixoloji problemlərinin olduğu meydana çıxır. Ona görə də, təcavüzə məruz qalan başına gətirilən bu olayı mental dəyərləri əsas gətirib gizlətməyə çalışmamalıdır. Vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Qeyd edək ki, Cinayət Məcəlləsində zorakılıq törədənə qarşı 10 ilə qədər həbs cəzası nəzərdə tutulur. Bəs ölkəmizdə də baş verən bu cür hadisələrə nə üçün biganəlik var? Zorlamaya gətirən səbəblər nələrdir? Məsələnin psixoloji tərəfləri nədən ibarətdir? Bu kimi suallara cavab tapmaq üçün “Qafqazinfo” mövzunun aktuallığını nəzərə alaraq bir neçə nəfərdən qeyd edilən suallara münasibət öyrənib.

“Qadınlara ayağının altına cənnət, başının üstünə cəhənnəm bəxş etmişik...”

Millət vəkili Zahid Oruc bildirib ki, mental olaraq türk milləti uzun illər meydanlarda mübarizə aparıb və proses bu gün də davam edir:”Azərbaycanda isə SSR-nin çöküşündən sonra 90-cı illərdə baş verən hadisələrin meydanlarda ifadəsi baş verirdi. Tədricən həmin aksiyaların intensivliyinin azaldığını görməkdəyik. Səs-küylü cinayətlərə hamının birgə etiraz etməsi taktikası geniş yayılmadı. Həqiqətən də geniş ictimai etirazlara ehtiyac var. Bizdə bu cür hadisələr baş verir. Goranboyda bir ailənin 7 üzvünə qarşı törədilən cinayəti Özgecanın qətlindən yüngülmü cinayət saymalıyıq? Eləcə də baş kəsmə ilə bağlı hadisələr bu gün də medianın gündəliyindədir. Əgər nümunə olaraq etiraza parlament üzvləri, hökumət nümayəndələri getməlidirsə, bu yöndə cəmiyyəti təşkilatlandırmağa ehtiyac var. Həqiqətənmi bu hadisələrə səssiz qalmaq, normaq qarşılamaq əlavə stimullaşdırıcı rol oynayır. Adamlar buna daha böyük milli etirazın olmadığını görüb daha yenilərini də törədirlər. Özgecanın atasının ekranlara daşıdığı mövqe isə bir ayrı fenomendir. Övladının ağır faciəsi fonunda milli maraqlara söykənən çıxışında dövlət, hökumət vətəndaşlar üçün mühüm çağırışlar etdi. Dedi ki, siz təcavüzü həyata keçirən şəxsə qarşı qanunları sərtləşdirməklə problemi həll etməyəcəksiniz, çünki bu onun fiziologiyasına aid olacaq. Necə etməliyik ki, bu dərəcədə vəhşilik 20 yaşa qədər böyüyüb gəlməsin. Bu tərbiyə sistemində, təhsilimizdə hökm sürən halların nəticəsidir”.

Millət vəkili qeyd edib ki, bizdə də belə cinayətlərə qarşı milli dirənişə ehtiyac var: ”Bu məsələyə ictimai sektordan etiraz olarsa, biz onların səsinə qoşulmağa hazırıq. Azərbaycanda bu məsələni qanunun maddələrini sərtləşdirməklə həll etmək çətin olacaq. Mental dəyişiklilkıər baş verməldir. Bizim hamımızda diktat elementləri güclüdür. Hamımız ailə modelində diktatoruq. Biz nə qədər qadınlarımızı ayağının altında cənnət olan insanlar kimi təsəvvür edib bunu elan ediriksə də, başının üzərindən də yumruğu, silahı əksik etmirik. Yəni qadınlara ayağının altına cənnət, başının üstünə cəhənnəm bəxş etmişik. Ona görə də qadınlara ictimai sferada, dövlət orqanlarında vəzifələr verməklə onların zəif olmadığı göstərilməlidir. Həqiqətən də biz də düşünməliyik ki, Türkiyədə milyonlarla insanın ayaqlanması, küçələrə çıxması yeni-yeni qətllərin baş verməsində müəyyən rol oynayacaq. Azərbaycanda da bu sahədə mütləq problemlər var, bunu hamımız birgə həll etməliyik”.

“Kişi qadını idarəetmə iddiasında olanda yanlış olaraq bu yollara əl atır...”

Psixoloq Elnur Rüstəmov isə Azərbaycanda bu zəmində ağır cinayətlərin baş vermədiyini vurğulayıb. O qeyd edib ki, əksər cinayətlər ailə-məişət zəminində baş verir, bunu da əsasən namus məsələsinə bağlayırlar: ”Azərbaycan ailələrində biz konkret olaraq fiziki və seksual zorakılıqlarla qarşılaşırıq. Məsələnin birinci səbəbi gender bərabərliyinin Azərbaycan, xüsusən də Şərq ölkələrində hələ də formalaşmaması ilə bağlıdır. Dünənə qədər bizim düşüncəmizdə ailədə daha çox işləyən kişilər idi. Bu gün isə cəmiyyətdə xanımlar kişilərdən daha çox aktivdirlər. Xanımlar karyera qurmaq, təhsil almaq, işləmək istəyirlər. Bütün bunlar da münasibətlərə çox təsir göstərir. Fiziki və ya seksual zorakılıq o zaman baş verir ki, tərəflərdən biri digərini idarə etməyə çalışır. Kişi qadını idarə etmə iddiasında olanda yanlış olaraq bu yollara əl atır. Belə kişilərin də özünün fərdi psixoloji problemləri var. İnsanlar maariflənməlidir. Qadını güclə idarə etmək olmaz”.

Psixoloq qeyd edib ki, kişilər tanımadıqları insanlara qarşı da zorakılıq hadisəsi edirlər: ”Bu, son zamanlar daha da geniş yayılmaqdadır. Zorlanma ilə bağlı proseslər hələ davam edəcək. Ailədə xanımına hörmət edən biri çöldə də digər xanımlara hörmət edəcək. Azyaşlıların zorakılığa məruz qalmasına gəlincə isə, burada valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Yeniyetmə ailədən diqqət və qayğı, ətrafıyla ünsiyyət qurmaq istəyir. Günlərin bir günü də hansısa manyaka rast gəlir. Valideyn bilməlidir ki, uşaq kimlə ünsiyyətdədir, mobil telefonla kimlə danışır Ən azından uşağı ilə elə bir ünsiyyət qurmalıdır ki, sabah hansısa problem olanda valideyninə danışa bilsin. Bu gün cəmiyyətdə manyaklar vardır ki, yeniyetmələri özlərinə hədəf seçirlər”.

“Kişilər porno videolara daha çox baxır”

“Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalova isə cinsi zorakılıq hallarının bir neçə səbəbdən baş verdiyini qeyd edib. Bildirib ki, bu kişilərin porno videolara daha çox baxması ilə əlaqəli ola bilər: “İkincisi, aqressiya ilə bağlı ola bilər ki, onu realizə etmək üçün obyekt axtarsın. Üçüncüsü, həmin şəxsin zorakılıq qurbanı olması ilə bağlı ola bilər. Bununla da qadınlardan qisas almaq istəyə bilər. Ola bilər ki, vaxtilə kimsə ailəsində anasına qarşı zor tətbiq etsin və onun yaddaşında bu hadisə həkk olsun. Bəzi hallarda seksual zəifliyi zorlanma ilə ört-basdır etmək cəhdləri ola bilər. Zorlanmanın arxasında psixoloji gərginliklər və travmalar dayanır. Bəhanə gətirirlər ki, kimsə qısa geyinib deyə bu baş verir. Bəzi hallarda yaşlı qadınları da zorlayırlar. Onlar qısa geyinmirlər axı. Yaxud azyaşlı hər hansı formada buna rəvac vermir ki”.

M. Zeynalova vurğulayıb ki, valideynlər uşaqlara nəzarət etməlidir, bunu isə hər şeyə qadağa qoymaqla etmək düzgün deyil: ”Amma ana-övlad arasında kifayət qədər yaxınlıq olmalıdır. Zor tətbiq edənlər daha çox yaxınlar, qohumlar tanışlar olur. Küçədən keçən çox az hallarda bu vəhşiliyi edə bilər. Valideynlər övladlara istənilən şəxsi yaxına buraxmamağı öyrətməlidir. Zorakılıqla bağlı cəza tədbirini artırmaq lazımdır. Bütün seksual xarakterli hərəkətlərin hamısı cəzalanmalıdır. İnsanlar başına gələn bu tip olaylarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Əksər hallarda hadisənin üstündən xeyli müddət keçdikdən sonra məlumat verilir. Bununla da cəzasızlıq şəraiti yaradırlar, çünki bunu sübut etmək çətin olur”.

"Qafqazinfo"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR