Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti maraqlı məqamlarla yadda qalıb. İki gün davam edən tədbirdə 50-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Toplantıda qlobal miqyasda təhdidlər törədən nüvə qaçaqmalçılığı ilə mübarizə məsələləri gündəmdə olub. Tədbirə dəvət edilən Azərbaycan Prezidenti söylədiyi maraqlı və dolğun nitqi, siyasi liderlərlə keçirdiyi görüşlərlə diqqəti çəkib.
Milli.Az newtimes.az-a istinadən bildirir ki, ABŞ rəhbərliyi İlham Əliyevlə müzakirələrə böyük önəm veriblər. Onlar Azərbaycanın təhlükəsizliyin təmini və terrorla mübarizədə regional və qlobal miqyasda oynadığı rolun əhəmiyyətini vurğulayıb, enerji təhlükəsizliyi və iqtisadi-ticari əməkdaşlıq sahələrində Bakının həyata keçirdiyi layihələrin səmərəliliyini etiraf ediblər. Bütün bunlar yekunda Azərbaycanın geosiyasi statusunun faktiki olaraq yeni səviyyəyə yüksəldiyini təsdiq edir.
Azərbaycanın mühüm rolu: Vaşinqtonun etirafları
Məhz bu yanaşmanın nəticəsidir ki, Amerikanın Prezidenti, vitse-prezidenti, dövlət katibi, habelə bir sıra konqresmenləri və ictimai xadimləri Azərbaycan lideri ilə görüşlərdə regional və qlobal təhlükəsizliyin vacib aspektlərini detallı şəkildə müzakirə ediblər. Ümumiyyətlə, rəsmi Vaşinqton İlham Əliyevlə görüşlərə böyük əhəmiyyət verdiyini açıq bəyan edib. Vitse-prezident Co Bayden bu bağlılıqda ifadə edib: "Prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət veririk və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bilirik" (bax: ABŞ Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiyini rəsmən bəyan etdi / "Azərbaycan" qəzeti, 2 aprel 2016).
C.Bayden ayrıca Amerikanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib, bunun da ABŞ üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Vitse-prezidentin bu fikirlərinin arxasında əhəmiyyətli geosiyasi məqamlar dayanır. Birincisi, Amerika Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində son dərəcə maraqlıdır. Bu məsələni Vaşinqton xarici siyasətinin mühüm elementi sayır. İkincisi, həmin kontekstdə Azərbaycanın suverenliyinin təmin edilməsi prinsipial rol oynayır.
Məsələ ondan ibarətdir ki, Vaşinqton Cənubi Qafqazda Azərbaycanın dönmədən müstəqil xarici siyasət yeritdiyini etiraf edir. Bu siyasətin nəticəsidir ki, Bakı regional və qlobal miqyasda əhəmiyyəti olan bir sıra beynəlxalq layihələrin, bütün çətinliklərə və yaradılan süni əngəllərə baxmayaraq, həyata keçirilməsində səmərəli rol oynayır. Regionun heç bir digər dövləti Azərbaycan qədər bu məsələdə qətiyyətli, inamlı və effektiv fəaliyyət göstərmir. C.Baydenin vurğuladığı suverenlik məsələsi bütün bunlara görə konkret məzmun kəsb edir.
Bu şərtlər daxilində ABŞ əməkdaşlığın daha da genişləndirilməsində, əlaqələrin yeni səviyyəyə qaldırılmasında maraqlıdır. Təsadüfi deyil ki, ABŞ-ın vitse-prezidenti iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu xüsusi vurğulayıb. Bundan başqa, o, təhlükəsizlik sahəsində, o cümlədən sülhyaratma əməliyyatlarında ölkələrimiz arasında mövqe birliyinin yaxşı səviyyədə olduğunu da önə çəkib. Bu bağlılıqda da Azərbaycanın Əfqanıstandakı beynəlxalq anti-terror koalisiyasında fəal iştirakını ayrıca diqqətə çatdırıb.
C.Baydenin ABŞ-ın Azərbaycan ilə müdafiə sahəsində də əməkdaşlıq imkanlarından bəhs etməsinin özəl mənası vardır. Çünki bu, illərdir erməni diasporu və rəsmi İrəvanın apardığı çirkli təbliğat kampaniyasının iflasa uğradığını göstərir. Məsələ bundadır ki, Ermənistan böyük dövlətlərin Azərbaycanla hərbi əməkdaşlığından çox qorxur. Zaman-zaman erməni ekspertlər hətta ən yaxın müttəfiq saydıqları Rusiyanı belə Azərbaycanla hərbi sahədə əməkdaşlıq etməkdə suçlayır.
Ermənilərə elə gəlir ki, bütün dünya onları təcavüzdə dəstəkləməli və Azərbaycanla heç bir hərbi əlaqə yaratmamalıdır ki, onun ordusu çox zəif olsun. Təbii ki, İrəvanın bu cür gülünc istəkləri yerinə yetirilə bilməz. O cümlədən ABŞ və Rusiya kimi böyük dövlətlər də Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıqdan imtina edə bilməzlər. Azərbaycanın dövlət kimi geosiyasi, hərbi, iqtisadi və mədəniyyət sahəsindəki əhəmiyyəti Ermənistandan dəfələrlə yüksəkdir. Məhz bu məqamı C.Bayden hərbi sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildirməklə bir daha ifadə etmiş oldu.
Bütün bunların fonunda vitse-prezidentin Azərbaycanın "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi ilə bağlı oynadığı rolu xüsusi vurğulamasının böyük siyasi mənası vardır. Çünki bu layihə Avropanın enerji təhlükəsizliyində çox ciddi rol oynayacaq və bütövlükdə qitənin enerji mənzərəsini dəyişəcək. Vaşinqton bu istiqamətdə Bakını tam dəstəkləməkdə davam edəcək və "bu sahədə lazımi addımlar atacaqdır" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-ın vitse-prezidenti Co Baydenin görüşü / AZƏRTAC, 1 aprel 2016).
Azərbaycan Prezidentinin dövlət katibi Con Kerri ilə apardığı müzakirələrdə də təhlükəsizlik və əməkdaşlıq məsələləri kifayət qədər geniş müzakirə edilib. Ekspertlər vurğulayırlar ki, dövlət katibi Azərbaycanla bu məsələlərdə tam həmfikir olduğunu ifadə edən tezislər irəli sürüb. C.Kerri görüş zamanı bildirib ki, "Cənab Prezidentə... Azərbaycan üçün iqtisadi imkanların, eləcə də regional təhlükəsizlik münasibətlərinin uyğunlaşdırılması üzərində işlədiyi müddətdə və bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürümü ifadə etmək istəyirəm" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü / AZƏRTAC, 31 mart 2016).
C.Kerri Azərbaycan Prezidentinin terrorizmlə mübarizədə, beynəlxalq enerji layihələrinin həyata keçirilməsində, regional təhlükəsizlik sisteminin yaradılmasında göstərdiyi təşəbbüsləri nəzərdə tutduğunu ifadə edib. Konkret deyilsə, Vaşinqton Azərbaycan rəhbərinin strateji məsələlərin müxtəlif aspektləri üzrə fəaliyyətini yüksək qiymətləndirir. Bütün bunları Amerikanın "Foreign Policy News" portalı Con Kerrinin Azərbaycanın regionda strateji roluna yüksək qiymət verməsi kimi xarakterizə edib (bax: "Foreign Policy News": Con Kerri Azərbaycanın regionda strateji rolunu yüksək qiymətləndirib / AZƏRTAC, 31 aprel 2016).
Burada portalın məsələnin strateji aspektinə vurğu etməsi təsadüfi deyil. Çünki dövlət katibi Prezident İlham Əliyevlə görüşü zamanı ifadə edib: "Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə "Cənub qaz dəhlizi" layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxaləndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü / AZƏRTAC, 31 mart 2016).
Bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun aşağıdakı fikirləri tam yerinə düşür. Novruz Məmmədov bu kontekstdə deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitinə səfəri sanki Azərbaycan-ABŞ arasında ikitərəfli əməkdaşlıq səfərinə çevrildi. Bu, tarixi bir səfər oldu".
Yuxarıda deyilənlərdən belə qənaətə gəlmək olar ki, Vaşinqton iqtisadi-ticari, geosiyasi, terrorla mübarizə və enerji təhlükəsizliyi kimi sahələrdə Azərbaycanı özünə strateji müttəfiq hesab edir. Bizcə, çox mühüm bir nəticədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə Vaşinqtonun münasibətinə də bu kontekstdə qiymət vermək doğru olardı. Amerika rəsmiləri, o cümlədən C.Kerri və C.Bayden Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiklərini bəyan ediblər. Onlar problemin BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və Helsinki Yekun Aktına uyğun həllinə tərəfdar olduqlarını bəyan edib, bu istiqamətdə Azərbaycan Prezidentinin atdığı addımları dəstəklədiklərini bildiriblər.
Ermənistanın növbəti təxribatı: ABŞ-ın sammitdəki vədləri və reallıq
Dövlət başçısı İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitindəki çıxışının bir yerində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ifadə etmişdi: "Bir daha təkrar edirəm, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin torpaqlarımızın işğalı 20 ildən çoxdur ki, davam edir. Əfsuslar olsun ki, Ermənistan işğal edilmiş əraziləri boşaltmaq üçün həmişə şərtlər irəli sürür. Biz münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdirəcəyik. Lakin münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır" (bax: Azərbaycan Prezidenti İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib / AZƏRTAC, 2 aprel 2016).
Konkret desək, ABŞ rəhbərliyi bütün çətinliklərə baxmayaraq, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışılmasını rəğbətlə qarşılayır. Lakin təəssüf ki, hələlik böyük dövlətlər sözdə dedikləri bu fikirlərin reallaşması üçün tutarlı addımlar atmırlar. Son olaraq, sammit başa çatmamış Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribata münasibətdə də bunu hiss edirik.
Prezident İlham Əliyev əvvəlki mövqeyinə sadiq qalaraq Təhlükəsizlik Şurasının aprelin 2-də keçirdiyi iclasında vurğulayıb: "Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik (bax.: Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası / AZƏRTAC, 3 aprel 2016). Yəni Azərbaycanın dövlət başçısı münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün bundan sonra da ciddi səylər göstərəcək. Lakin əgər Ermənistan təxribatçı hərəkətlərinə davam etsə, layiqli cavabını da alacaqdır.
Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan, əldə olunan razılığa rəğmən, atəşkəs rejimini intensiv surətdə pozur. Xatırladaq ki, atəşkəsin əldə edilməsi barədə Rusiya tərəfi təklif vermişdi. Belə görünür ki, Ermənistan bu çağırışa əməl etmək fikrində deyil.
Təbii ki, bu şəraitdə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri dərhal vəziyyətə müdaxilə etməli idilər. Onlar müəyyən dərəcədə bunu etdilər, lakin hələlik konkret addım yoxdur. Sözdə çağırışlarla nəyə isə nail olmaq imkansızdır. Özü də böyük dövlətlər və beynəlxalq təşkilatlar birbaşa təcavüzkarı yerində oturtmalıdırlar. Bunun əvəzində bəzi xarici ölkələrin kütləvi informasiya vasitələrində ermənipərəst məlumatlar yayılır, qərəzli fikirləri analitik fikirlər kimi təqdim edirlər. Bu vəziyyətə Azərbaycan rəhbərliyi münasibətini bildirib. Prezident Təhlükəsizlik Şurasının iclasında deyib: "Amma nüvə sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törədir, sülh prosesinə çox böyük zərbə vurur. Bundan istifadə etməyə çalışır ki, Azərbaycanı günahlandırsın. Onların sərəncamında olan satqın kütləvi informasiya vasitələri, satqın siyasətçilər, korrupsiyaya uğramış politoloqlar, şərhçilər indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham etsinlər. Əgər indi bəzi ölkələrin mətbuatına nəzər salsanız, görərsiniz ki, birtərəfli məlumat gedir. Azərbaycan ittiham olunur. Döyüşlərlə bağlı təhrif edilmiş məlumatlar verilir" (bax: əvvəlki mənbəyə).
Deməli, məlum dairələr yenə köhnə oyunu oynayırlar. Onlar torpaqları işğal altında olan Azərbaycanı ittiham etməklə növbəti dəfə sülh prosesinə zərbə vurmağa çalışırlar. ABŞ, Avropa İttifaqı və Rusiyanın münaqişənin yalnız sülh yolu ilə həllinin mümkünlüyünü vurğulamasının fonunda ikili standartlar siyasətinin əlamətlərinin görünməsi çox düşündürücüdür. Məhz bu məqamda həmsədr dövlətlər qəti şəkildə Ermənistanın atəşkəsə əməl etməsini və dərhal Azərbaycan torpaqlarından çəkilməsini tələb etməlidirlər. Çünki müharibə Azərbaycan ərazisində gedir və Ermənistana heç bir hücum olmayıb.
Təəssüf ki, böyük dövlətlərin yuxarıda vurğuladığımız kontekstdə tələblərini eşitmirik. Bu da bir sıra şübhələrə yol açır - mümkündür ki, regionda geniş miqyasda müharibə yaratmaq istəyən qüvvələrin marağı burada özünü göstərsin. Bu təxribata qarşı Azərbaycanla bərabər böyük dövlətlər də müqavimət göstərməlidirlər. Nüvə təhlükəsizliyi ilə bağlı keçirilən sammitdən sonra bu, həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin, həm də bütövlükdə Qərbin ciddi sınağı kimi görünür.
Azərbaycana gəldikdə isə Prezidentin vurğuladığı kimi, "Biz danışıqlara sadiqik, bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın. Ordumuzun gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, bax, bu təxribatlar, erməni təxribatları cavabsız qalmasın. Hesab edirəm ki, bu gün - aprelin 2-si onlar üçün yaxşı dərs olacaqdır" (bax: əvvəlki mənbəyə).
Beləliklə, Azərbaycan Prezidentinin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı məzmununa, hədəflərinə və əhəmiyyətinə görə tarixi xarakterli olub. Bu tədbir göstərib ki, ölkə rəhbərinin yeritdiyi siyasəti dünyanın ən güclü dövlətləri qəbul edirlər. Azərbaycan əməkdaşlıq və təhlükəsizliyin təmini məsələlərində əhəmiyyətli rol oynamaqda davam edir. Azərbaycan bütün mənalarda Cənubi Qafqazın lider dövləti olduğunu növbəti dəfə sübuta yetirdi.
Milli.Az