Azərbaycanlı deputat ATƏT PA-nın qış sessiyasında Avropada miqrasiya məsələlərindən bəhs edib

17:03 20 Fevral 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+


Vyana, 20 fevral, AzərTAc
ATƏT-in Parlament Assambleyasının 14-cü qış sessiyası çərçivəsində demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin iclasında “Miqrant və qaçqınların insan haqları” mövzusunda xüsusi debatlarda Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da çıxış edib.
Çıxışına Beynəlxalq Miqrasiya Təşkilatının direktor müavini Laura Tomsonun “dünyada hər yeddi nəfərdən biri miqrant, məcburi köçkün və ya qaçqındır” fikrinə istinadla başlayan R. Aslanova Azərbaycanda hər doqquz nəfərdən birinin bu taleyi yaşadığını diqqətə çatdırıb. Qeyd edib ki, ATƏT PA-nın 2014-cü il Bakı Bəyannaməsinə əsasən, ATƏT məkanında sığınacaq axtaran insanların vəziyyətinin kəskinləşməsinin qarşısını alan tədbirlər görülməlidir.
Deputat miqrasiya siyasəti ilə əlaqədar Azərbaycanın bir sıra uğurlu islahatlar və innovativ tədbirlər həyata keçirdiyini söyləyib. Ölkəmizdə Dövlət Miqrasiya Xidmətinin təsis olunduğu, 2013-cü ildə Miqrasiya Məcəlləsinin qəbul edildiyi, emiqrasiya və immiqrasiya proseslərində bürokratik əngəllərin aradan qaldırılması və digər sahələrdə islahatlar həyata keçirildiyi qeyd edilib. Azərbaycanın viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında Avropa İttifaqı ilə saziş imzaladığı bildirilib və bunun da gələcəkdə miqrasiya siyasətini Avropa standartları ilə daha yaxşı sinxronlaşdırmağa imkan verəcəyi vurğulanıb.
Çıxışda ATƏT məkanında ksenofobiya, islamofobiya, miqrantlara qarşı radikal yanaşmalar, Avropa ölkələrində sığınacaq tapan qaçqınlara qarşı diskriminasiyalı və pis rəftar meyllərindən narahatlıq ifadə olunub.
Qeyd edilib ki, 2007-2013-cü illərdə Avropa İttifaqı qeyri-leqal miqrasiyaya qarşı mübarizəni gücləndirmək məqsədilə 2 milyard avro, Aİ ərazisindəki qaçqın və qeyri-leqal miqrantların vəziyyətinin yaxşılaşdırılmasına isə cəmi 700 milyon avro sərf edib. Sərhədlərini miqrant axınına qarşı hermetik şəkildə qapayan Aİ ilk növbədə insanların Avropa məkanına daxil olmasını əngəlləməyə çalışır, onların taleyi və insan haqları isə diqqətdən kənarda qalır. O, Avropa ölkələrini insanlara qaçqın statusu almaq üçün normal prosedura çıxış əldə etmək imkanı verməyə, onların probleminin həllini başqa ölkələrin üzərinə atmamağa çağırıb. Vurğulanıb ki, qeyri-leqal miqrasiyaya qarşı mübarizədə ATƏT-ə üzv olmayan ölkələrlə əməkdaşlıq şərtlərinə yenidən baxmaq lazımdır.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_deputat_ATAT_PA_nin_qis_sessiyasinda_Avropada_miqrasiya_meselelerinden_behs_edib-833694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR