Vəkildən Aslanov Aslanovun müstəntiq oğluna ittiham

Vəkildən Aslanov Aslanovun müstəntiq oğluna ittiham
18:12 20 Fevral 2015
202 Sosial
Ölkə mətbuatı
A- A+

“Lamiyənin azad olunması sonun başlanğıcıdır. Bu qərar hüquqlarını müdafiə etdiyim Vüqar Əliyev üçün də bir işıq yoludur. Hesab edirəm ki, Vüqarla bağlı da ədalət bərqərar olacaq”.

Bunu modern.az-a açıqlamasında Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzası almış Vüqar Əliyevin vəkili Adəm Məmmədov bildirb.

O qeyd edib ki, böyük ehtimalla Vüqar Əliyev də yaxın günlərdə azadlığa çıxacaq: “Hesab edirəm ki, yaxın günlərdə azadlığa qovuşmaq Vüqara da qismət olacaq. Biz hamımız bunu arzu və ümid edirik”.

Vəkil bildirib ki, Vüqar Lamiyənin azadlığa çıxmasından xəbərdardır: “Əlbəttə, onun da xəbəri var. Çünki artıq bütün mətbuat bu azadlıqdan yazıb. Cəzaçəkmə müəssisələrində də məhkumlar mətbuatı izlədiyinə görə bilirəm ki, xəbəri var.

Lamiyə bugünkü açıqlamasında da bildirdi ki, bu namus məsələsidir, məişət zəminində baş verib. Eyni zamanda, Vüqara dəstək olacağını, onun azad olunması üçün əlindən gələni etməyə çalışacağını da dilə gətirib. Düşünürəm ki, bunlar işin müsbət tərəfləridir”.

Bir neçə gün əvvəl məhkum Vüqar Əliyevin prezindentə ünvanladığı əfv müraciəti ilə bağlı Adəm Məmədov bildirib ki, işlər ciddi davam etdirilir: “Bununla bağlı iş getdiyindən geniş açıqlama vermək istəmirəm. Çünki istənilən şəkildə işin gedişinə müdaxilə oluna bilər. Bu haqda açıqlama verməyim müdafiə etdiyim şəxs üçün xeyirli deyil”.

Vəkil Aslan Aslanovun onun barəsində Vəkillər Kollegiyasına etdiyi şikayətlə bağlı yeni açıqlama da verib: “Mənə məlum oldu ki, ərizəni Aslan Aslanovun Ədliyyə Nazirliyinin İstintaq idarəsinin müstəntiqi olan oğlu Turqay Aslanov şəxsən, həm də xidmət vaxtı Vəkillər Kollegiyasının rəhbərliyinə təqdim edib. Apardığım şifahi araşdırmalar zamanı bütün bu dəlilləri əldə etmişəm.

Nəzərinizə çatdırım ki, ədliyyə orqanının xidməti formasında başqası tərəfindən yazılan ərizəni təqdim etməsi Vəkillər Kollegiyasına təhqir və təhdiddir.

Ədliyyə Nazirliyinin aidiyyəti şöbəsindən xahiş edirəm ki, araşdırma aparsın. Niyə Turqay Aslanov xidməti vəzifəsini yerinə yetirən vaxt başqa işlərlə məşğul olur?

Şifahi araşdırma zamanı o da bəlli oldu ki, il ərzində Turqay Aslanovun icraatında 16 iş, digər istintaqçıların icraatında isə 100-150 iş olub. Maraqlı məqamdır. Yəni Turqay Aslanov icraatında az iş olmaqla digər “iş”lərə də vaxt ayıra bilib. Əgər o vaxtını ərizə aparmağa sərf edirsə, hesab edirəm ki, Turqay Aslanov istintaq aparmır, digər işlərlə məşğul olur.

Təklif edirəm ki, bununla bağlı ədliyyə nazirinin müavini Vilayət Zahirov deyil, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən şəxsən araşdırma aparılsın, onun fəaliyyəti yoxlanılsın”.

Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilib, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən məhkum olunublar. Sonradan Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb. Baş Prokurorluq isə 2015-ci il fevralın 4-də bu cinayət işindən protest verib. Məhkum Lamiyə Quliyeva bu gün azadlığa buraxılıb.

Vüqar Əliyev isə bir neçə gün əvvəl əfv ərizəsi yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR