A–
Qəbələ, 14 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Rayon İcra Hakimiyyəti yanında narkomaniyaya qarşı mübarizə komissiyasının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə hüquq mühafizə orqanlarının əməkdaşları, rayonun müxtəlif idarə və müəssisələrində çalışan gənclər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər tədbirin keçirilməsində əsas məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildiriblər.
Tədbirdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ının icrası məqsədilə Qəbələ rayon Polis Şöbəsi tərəfindən görülən işlər haqında məlumat verilib.
Çıxışlarda rayonda qeydiyyatda olan narkotik istifadəçiləri sırasında yeniyetmə və gənclərin olmadığı, lakin buna baxmayaraq, narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edildiyi, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları barədə, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd bir həyat tərzi olması barədə məlumatlar verildiyi qeyd edilib. Məlumat verilib ki, hazırda Qəbələ Mərkəzi Xəstəxanasının narkoloji kabinetində 46 nəfər narkoloji xəstə dispanser qeydiyyatındadı və onların hamısı respublika narkoloji mərkəzində müayinə olunub.
Qəbələ Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən təlim-tərbiyə müəssisələrində, məktəblərdə müntəzəm olaraq aidiyyəti təşkilatlarla birlikdə profilaktik tədbirlər görüldüyü qeyd edilib.
Tədbirin sonunda “dəyirmi masa” iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallara cavab verilib və maarifləndirici broşürlər paylanılıb.
AZERTAG.AZ :Qəbələdə “Narkomaniyaya yox deyək” mövzusunda “dəyirmi masa” keçirilib

