A–
Tokio, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Avstraliyanın federal parlamenti fəaliyyətini vaxtından əvvəl bərpa edib. Avstraliyalı qanunvericilər adətən apreldə istirahət edərək, öz dairələrində seçicilərlə görüşlər keçirir və yalnız mayda Kanberraya qayıdaraq növbəti maliyyə ili üçün hökumətin təqdim etdiyi büdcə layihəsi üzərində işləyirlər. Lakin bu dəfə Baş nazir Malkolm Ternbull siyasi ənənəni pozaraq parlamentarilərin vaxtından üç həftə əvvəl Kanberraya qayıtmasını istəyib. Bu, Baş nazirə Senat tikinti sənayesinə nəzarətlə bağlı komissiyanın işinin bərpası barədə hökumətin təqdim etdiyi mübahisəli qanun layihəsini təsdiq etməyəcəyi təqdirdə seçkiləri iyulun 2-ə təyin etmək imkanı verir.
Xəbər verdiyimiz kimi, Senat ilk müzakirələr zamanı həmin qanun layihəsini qəbul etməyib və ikinci rədd cavabı M.Ternbulla parlamenti tam buraxmaq və vaxtından əvvəl seçkilər təyin etmək imkanı yaradır.
İstər hakim Liberal-Milli Koalisiya (LMK), istərsə də müxalif Leyboristlər Partiyası parlamentdə mütləq səs çoxluğuna malik olmadıqlarına görə, qanun layihəsinin taleyi “mikropartiyaların” nümayəndələrinin mövqeyindən asılıdır. Qanun layihəsinin əleyhdarları hesab edirlər ki, sənəddə yalnız tikinti sənayesi deyil, eyni zamanda, korrupsiya qalmaqallarının baş verdiyi digər sahələr də əksini tapmalıdır. Bunu əsas götürənlər Baş naziri qısamüddətli siyasi maraqda təqsirləndirərək, onu seçkiləri sərfəli vaxtda keçirmək niyyətində olmaqda günahlandırırlar. M.Ternbull isə buna qəti etirazını bildirir və tikintidə korrupsiyaya qarşı mübarizənin onun üçün prinsipial əhəmiyyət daşıdığını qeyd edir.
Ötən ilin sentyabrında hakimiyyətə qayıdan M.Ternbullun ilk vaxtlar reytinqi yüksək olsa da, zaman keçdikcə LMK populyarlığını itirməkdədir. Buna görə də M.Ternbullun tənqidçiləri bildirirlər ki, Baş nazir hakim koalisiya tam nüfuzdan düşmədən öncə seçkiləri keçirməyə tələsir. “Newspoll” tədqiqat mərkəzinin keçirdiyi son sorğunun nəticələrinə görə, hakim koalisiya 49 faiz, müxalif Leyboristlər Partiyası isə 51 faiz səs toplayıb. M.Ternbullun şəxsi reytinqi üç ay əvvəlki ilə müqayisədə 59 faizdən 47 faizə enib. Onun əsas siyasi rəqibi olan leyborist Bill Şortenin reytinqi isə yanvarda 20 faiz idisə, apreldə 28 faizə qalxıb.
Avstraliyada parlament seçkiləri cari ildə keçirilməlidir, lakin onun dəqiq vaxtı hökumət tərəfindən təyin edilir. Seçkilər zamanı Nümayəndələr Palatasının bütün üzvləri (150 qanunverici), Senatın isə yarısı (76 qanunvericidən 38-i) seçilir. M.Ternbull bəyan edib ki, senat tikinti ilə bağlı qanun layihəsini qəbul etməyəcəyi təqdirdə, o, parlamenti tam tərkibdə buraxaraq iyulun 2-ə seçkilər təyin edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Avstraliyanın federal parlamenti fəaliyyətini vaxtından əvvəl bərpa edib