“Azərtoxum” MMC taxıl istehsalçılarını yüksək reproduksiyalı toxumla təmin edir

“Azərtoxum” MMC taxıl istehsalçılarını yüksək reproduksiyalı toxumla təmin edir
07:28 21 Fevral 2015
418 Ölkə
Ölkə mətbuatı
A- A+


Yevlax, 21 fevral, Tahir Ağaməmmədov, AzərTAc.
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm şərtlərdən biri taxıl istehsalının artırılmasıdır. Bu baxımdan məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə respublikamızda mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar.
Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu ildə Yevlaxda istifadəyə verilən “Azərtoxum” MMC toxumçuluq müəssisəsi taxılçılıqla məşğul olan fermerlərin yüksək reproduksiyalı toxumla təmin edilməsində mühüm rol oynayır.
“Azərtoxum” MMC-nin icraçı direktoru İkram Vəliyev AzərTAc-ın müxbiri ilə söhbətində müəssisənin fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, müxtəlif növ dənli bitki toxumlarının istehsalı və hazırlanması ilə məşğul olan müəssisə 7 hektar sahədə yaradılıb. Müəssisənin yaradılmasında əsas məqsəd rayonlaşdırılmış sortlar, super elit və yüksək məhsuldar toxum hazırlamaq və taxılçılıqla məşğul olan fermerləri keyfiyyətli toxumla təmin etməkdir. Müəssisə 80 tonluq qapandan, tutumları 1000, 1500 və 2500 ton olan 12 anbardan, toxum laboratoriyasından, təmir sexindən, yanacaqdoldurma məntəqəsindən və evlərdən ibarətdir. Burada dünyanın ən mükəmməl və modern sistemləri, texnologiya, maşın və avadanlıq tətbiq edilib. Mərkəz 100 min ton toxum hazırlamaq və işlətmək gücünə malikdir. Müəssisənin real gücü 15 min hektar sahənin əkilib-becərilməsinə imkan verir.
Burada toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması həyata keçirilir. Toxumçuluq idarəsinin laboratoriyası da burada qurulub. Fəaliyyəti Kənd Təsərrüfatı Nazirliyinin xüsusi diqqətində olan müəssisəyə toxumçuluğun inkişaf etdirilməsi üçün vaxtaşırı olaraq mütəxəssis, texnika, gübrə və sair baxımdan lazımi köməkliklər göstərilir.
Ötən il Tərtər, Şəmkir, Şamaxı, Yevlax, Sabirabad, Göyçay, Qəbələ, Şəki, Zaqatala, Qax, Balakən və İsmayıllı rayonları ərazisində 10 min hektara yaxın sahədə əkin işləri aparılıb və 12 min tona yaxın yüksək reproduksiyalı toxum tədarük edilib. Gələcəkdə əkin sahələrinin artırılaraq 50 min hektara çatdırılması nəzərdə tutulur. Toxum seçimində yüksək məhsuldarlığı ilə fərqlənən “Qarabağ-22”, “Krasnodar-99”, "Tanya", "Şəki-1", "Azəri", "Aran", "Əzəmətli", “Əzəmətli-95” və s. sortlara üstünlük verilir.
Müəssisənin taxılçılıqla məşğul olan fermerlərlə işgüzar əlaqələri formalaşıb. Onlara toxumların növləri barədə məlumat verilir, əkindən biçinə qədər texnoloji proses izah edilir. Müqavilə bağlanmış fermerlər keyfiyyətli toxum, gübrə, yanacaqla təmin olunur. Biçin vaxtı isə fermerlər istehsal etdikləri taxılı müqaviləyə əsasən müəssisəyə satırlar. Müqaviləli əkinçilikdən həm fermerlər bəhrələnir, həm də ölkəmizdə keyfiyyətli toxum istehsalına nail olunur. Bu ilin məhsulu üçün respublikanın 17 rayonunun fermerlərinə müqavilə əsasında 14 min tonadək toxum verilib.
“Azərtoxum" müəssisəsinin fəaliyyətində qabaqcıl təcrübənin tətbiqinə üstünlük verilir. Rusiya Federasiyası Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu ilə sıx əlaqələr qurulub. Bu il Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutundan 6500 ton yüksək reproduksiyalı toxum gətirilərək, quraqlıqdan əziyyət çəkən rayonların torpaq istifadəçilərinə paylanıb.
2015-ci ilin məhsulu üçün 7000 hektarda buğda, 2500 hektarda arpa əkilib. Bundan başqa 800 hektarda günəbaxan və 1000 hektarda qarğıdalı becərilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Əminliklə demək olar ki, toxumçuluğun daha da inkişaf etdirilməsi, taxıl istehsalçıılarının yüksək reproduksiyalı toxumlarla təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirən “Azərtoxum” MMC toxumçuluq müəssisəsi ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azertoxum_MMC_taxil_istehsalchilarini_yuksek_reproduksiyali_toxumla_temin_edir-833869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR