A+
A–

Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 21-də Yunanıstanda XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasimi keçiriləcək. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov mərasimə qatılmaq üçün Yunanıstana səfər edəcək.
Olimpiya Oyunlarının rəsmi açılışı günü yandırılan alov ənənəyə görə Yunanıstandakı Olimpiya məbədindən götürülür. Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos nazir Azad Rəhimovu mərasimdə iştirak etmək ölkəsinə dəvət edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azad Rəhimov ümummilli lider Heydər Əliyevə həsr olunan və yunan dilində çapdan çıxan kitabın təqdimatı ilə əlaqədar aprelin 20-də Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən təşkil ediləcək tədbirə də qatılacaq.
Səfər çərçivəsində nazirin, həmçinin Yunanıstanın mədəniyyət və idman naziri Aristides Baltes ilə də görüşü planlaşdırılır. Görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək. Habelə Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Yunanıstanın Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması da nəzərdə tutulur.
Səfər aprelin 22-dək davam edəcək.

AZERTAG.AZ :Gənclər və idman naziri Olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edəcək