Gözəllik salonuna, stomatoloqa gedəndə...

Gözəllik salonuna, stomatoloqa gedəndə...
18:12 21 Fevral 2015
130 Sosial
Ölkə mətbuatı
A- A+

Bərbərxana, gözəllik salonu və ya stomatoloqa gedən zaman orada işlədilən alətlərin sterilizə olunmasını tələb etməklə, insanlar özlərini hepatit C virusundan sığortalaya bilərlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında QİÇS və Hepatit C virusu (HCV) ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Bu barədə “Zaman-Azərbaycan”a AMEA Mərkəzi Elmi Kitabxanasının mətbuat xidmətinin əməkdaşı Ruslan Kərimov məlumat verib. Tədbirdə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov XX əsrdə bəşəriyyətin qarşılaşdığı bu xəstəliklərin tarixindən, müalicə və mübarizə üsullarından danışıb.

Şöbə müdiri bildirib ki, insanın immun çatışmazlığı virusu və qazanılmış immun çatışmazlığı sindromu (İİV/QİÇS) insanla doğulan və insana xas xəstəliklərdən deyil: “O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır. Azərbaycanda bu virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda Azərbaycanda virus yayılma sürətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da, təhlükə davam edir. Bu infeksiya konkret olaraq, risk qrupları - inyeksion narkoman, seks-bizneslə məşğul olanlar, homoseksuallar arasında yayılıb”.

“Dərmanı 3-5 ay içib yaxşılaşdıqdan sonra arada 1-2 ay fasilə verilirsə, terapiya təsir etmir”

N.Zülfüqarov qeyd edib ki, QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq, ana və uşağın İİV-ə yoluxmasını sıfra endirmək, İİV-li insanlara qarşı diskriminasiya hissini yox etmək hazırda qarşıya qoyulan əsas məqsədlərdəndir: “QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq üçün belə xəstələrin hamısını müalicəyə cəlb etmək lazımdır. İİV-ə yoluxan bütün xəstələrə dərmanlar dövlət tərəfindən pulsuz verilsə də, lakin bəzi xəstələr bu müalicədən yayınırlar. Buna baxmayaraq, Mərkəzdən nümayəndələr ucqar bölgələrdə yaşayan xəstələri müəyyənləşdirmək məqsədi ilə ünvanlarına qədər gedir, onları müalicəyə cəlb edirlər”.

Mərkəz rəsmisinin sözlərinə görə, Azərbaycanda İİV/QİÇS-li xəstələrin müalicəsi üçün bahalı və daim aparılması tələb olunan antiretrovirus terapiyasına (ARV) cəlb olunanların sayı artıb. Bu terapiyanın çox həssas müalicə olduğunu xatırladan N. Zülfüqarov qeyd edib ki, əgər müalicə prosesində dərman xəstə tərəfindən bir ay ərzində iki dəfə vaxtında qəbul olunmasa, effektivliyi azalır: “Dərmanı 3-5 ay içib yaxşılaşdıqdan sonra arada 1-2 ay fasilə verilirsə, terapiya təsir etmir. Ona görə də xəstəyə nəticədə daha ağır dərmanlar verilir. 2013-cü ildə 470 nəfər ARV-terapiyaya yeni cəlb edilmişdisə, 2014-cü ildə belə xəstələrin sayı 605-ə çatıb”.

“Virus qan vasitəsilə yayılır, qaraciyərdə və qanda aşkarlanır”

Sonra Natiq Zülfüqarov Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilin yekunlarına görə, Azərbaycanda İİV və QİÇS problemi ilə əlaqədar statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilir. Respublikada bu xəstəliklərlə mübarizə üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir.

Daha sonra hepatit C virusu (HCV) haqqında məlumat verən N.Zülfüqarov virusun bu günə qədər tapılmış altı hepatit virusdan biri olduğunu deyib. Bildirib ki, HCV bu virusların içərisində ən təhlükəlisi hesab edilir: “Virus qan vasitəsilə yayılır, qaraciyərdə və qanda aşkarlanır. HCV qaraciyərə gizlicə zərbə vura bilən bir virusdur və ona yoluxan insanların çoxunda ilk zamanlar heç bir şikayəti olmur. Vaxt keçdikcə, Hepatit C tədricən qaraciyər xərçənginə, qaraciyər çatışmazlığına və ya serroza gətirib çıxara bilir. C hepatitinə qarşı heç bir vaksin yoxdur. Amma infeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilir və pasiyentlərin antivirus dərmanlarının uzun kursu ilə virusdan təmizlənməsi mümkündür. Hazırda Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə maarifləndirmə işləri aparılır”.

Son zamanlar təhlükəli şəkil alan bu virusdan qorunmağın hər birimizin öz əlində olduğunu xatırladan N. Zülfüqarov onu da qeyd edib ki, ən azından bərbərxana, gözəllik salonu və ya stomatoloqa gedən zaman orada işlədilən alətlərin sterilizə olunmasını tələb etməklə, insanlar özlərini bu virusdan sığortalaya bilərlər.

"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR