"Report" xəbər verir ki, bu barədə məlumatı Kann Kino Festivalının rəsmi saytı yayıb.
Bu günədək bu mükafatı aktyor və rejissor Klint İstvud, rejissor Vudi Allen və rejissor Bernardo Bertoluççi qazanıb.
Jan-Pyer Leoya fəxri mükafat mayın 22-də, Kann Kino Festivalının bağlanış günü təqdim ediləcək.
Jan-Pyer Leonu Kann Festivalının əfsanəsi adlandırırlar. Belə ki, aktyor ilk dəfə 1959-cu ildə 14 yaşında Kann Festivalına qatılıb.
Mayın 19-da festivalda Jan-Pyer Leonun çəkildiyi "XIV Lüdovikin ölümü" bədii filminin təqdimatı keçiriləcək.
Xatırladaq ki, 69-cu Kann Beynəlxalq Kino Festivalına hazırlıq işləri başa çatıb.
Festival mayın 11-dən 22-dək davam edəcək.
Kinofestival rejissor Vudi Allenin "Gözəl insanlar" filmi ilə açılacaq.
Festivalın gündəliyinə 20 bədii film daxil edilib.
"Xüsusi baxış" proqramına Kirill Serebrennikovun "Şəhid-şagird", amerikalı Mett Rossun "Kapitan Fantastik", yaponiyalı rejissor Xrokadzu Koreedanın "Tufandan sonra" filmi, eləcə də belçikalı multiplikator Mihael Dyudok De Vittin "Qırmızı Tısbağa" filmi daxil olub.
Festivalda müsabiqədənkənar göstəriləcək filmlər:
Şeyn Blekin Rassel Krou və Rayan Qoslinqin çəkildiyi "Yaxşı oğlanlar", eləcə də Codi Fosterin "Pul bədheybəti" və Stiven Spilberqin "Böyük və xeyirxah nəhəng" ekran əsərləridir.
69-cu Kann Beynəlxalq Kino Festivalının münsiflər heyətinin rəhbəri avstraliyalı rejissor Corc Miller olacaq.
Corc Millerin rəhbərliyi altında filmlərə baxış olacaq və komissiya baxışın nəticələrini mayın 22-də elan edəcək.
