"Eurovision-2008"-də müğənni Elnur Hüseynovla Azərbaycanı ilk dəfə təmsil edən Samir Cavadzadə Səmra Rəhimlidən danışıb.
Milli.Az xəbər verir ki, musavat.com saytına açıqlama verən ifaçı bildirib ki, Səmranı tənqid etmək haqsızlıqdır: "Bu dəfə tamaşaçıya açıq şəkildə göstərildi ki, "Eurovision"da siyasət necə olur. Səsvermə qaydalarının dəyişdirilməsi də ona görə idi. Mən sənət adamının siyasətə qoşulmasının əleyhinəyəm. Mən Ukrayna, Rusiya və Avstraliyanın ilk üçlükdə olacağını düşünürdüm. Sonda da elə oldu. Səmra ifaçı kimi çox bacarıqlıdır, mahnısı da gözəl idi. Onu tənqid etməsinlər, o müsabiqədə böyük komanda çalışır və heç kim özbaşına deyil. Səmra da deyilənləri edib".
S.Cavadzadə "Eurovision" mahnımızı yerli bəstəkarların yazmasının vacib olduğu barədə səsləndirilən fikirlərə də münasibət bildirib: "Elnurla mənim ifa etdiyimiz "Day after day" mahnısını Gövhər Həsənzadə ilə Zəhra Bədəlbəyli yazımışdı. Uğurlu alınmışdı. Mənim üçün mahnını kimin yazdığının fərqi yoxdur. Bir neçə bəstəkar da yığışıb, gözəl mahnı yaza bilər. Kömək etmək üçün müğənniləri də o komandaya qatmaq olar. Mən əlimdən gələni etməyə hazıram. Amma hələ ki, mahnını bizə həvalə etmirlər".
İfaçı Elnur Hüseynovun öz fəaliyyətini Türkiyədə davam etdirdiyini də deyib: "Elnuru keçən il yenidən müsabiqəyə göndərdilər, 12-ci yer tutdu. Ondan sonra insanlar onu tənqid etməyə başladı. Başa düşmək lazımdır ki, hər dəfə müsabiqədə nələrsə dəyişir. Biz bundan xəbərsiz oluruq. Hər ölkə öz mahnısının, performansının yaxşı olduğunu düşünür. Qazandığı yer üçün iştirakçının üzərinə bu qədər getmək olmaz. Elnur hazırda Türkiyədədir, orada yaşayır, işlərini davam etdirir".
Müğənni onu tənbəllikdə ittiham edənlərə də cavab verib: "Teymur Əmraha baxın, sənəti böyükdür, lakin efirlərdən qaçır. Sənəti böyük olan insanlar özlərini gözə soxmur. Mən gözəl iş ərsəyə gətirmək istəyirəm ki, məni dinləsinlər. Qorxmuram ki, efirə çıxmasam unudularam. Mənim üçün gözəllik, qocalmaq maraqsızdır. Mənim yaradıcılığımda gözəl mahnılar çatmır".
Milli.Az