Bəstəkar Gövhər Həsənzadə tələbəsi, müğənni Samir Cavadzadənin "Gövhər xanım İnqridlə məşğuldur. Bizi neyləyir" şikayətinə cavab verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, açıqlama verən bəstəkar ifaçıya yeni mahnı təqdim etdiyini bildirib:

"Adamın özününkü şikayət edir. Studiyamdan mahnı oğurlayıb. Samir elə bir ifaçıdır ki, nə oxusa, bəyənəcəm. Bilirəm ki, o mahnını elə formada gətirəcək ki, öz yazdığımdan gözəl olacaq. Mənim yaradıcılığımı başqa bir yönə aparır. İndi Samir özü çalışmaq istəyir. Mən də ondan illərdir bunu gözləyirəm. İnşallah, tezliklə mahnını gözəl formada təqdim edəcək".

G.Həsənzadə ölkəmizi bu il "Eurovision"da təmsil edən Səmra Rəhimlinin çıxışını bəyənmədiyini etiraf edib:

"Nə mahnısını, nə də şousunu bəyəndim. Bəlkə, mənim zövqüm dəyişib. Daha peşəkar, fərqli nəsə görmək istəyərdim. Avstraliya, Rusiya daha ciddi yanaşmışdılar. Qalanları ora sadəcə çıxış xatirinə gəlmişdilər".

Bəstəkar "Bəlkə, yenidən Samir Cavadzadə yarışa göndərilsin?" sualına belə cavab verib:

"Samirin belə istəyi olduğunu eşitməmişəm. Məsləhət bilinsə, gedib layiqli təmsil edər. Azərbaycanda stil, bəstəkar, aranjman baxımından lazımından artıq potensial var. Bir il ərzində peşəkar birini hazırlayıb təqdim edə bilərəm. Peşəkarlar baxıb görsünlər ki, "Eurovision"da qalib olanların heç birindən geri qalmırıq".

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az