Almaniya "erməni soyqrımını" tanıya biləcək sonuncu ölkə olmalıydı. Çünki Osmanlı Türkiyəsinin Birinci Dünya Müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verdi. Nəticədə Osmanlı imperiyası dağıldı. Atatürk olmasaydı, böyük dövlətlər Türkiyəni də müxtəlif hissələrə parçalayacaqdılar. Yəni 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdir. Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzi adından onun rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsinə münasibətdə bildirib.

Ekspertin fikrincə, Almaniya bu ölkədə yaşayan milyonlarla türkün maraqlarını da nəzərə almayıb: "Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi də yoxdur ki, deyəsən, Berlin bu lobbinin təsiri ilə "qətnaməni" qəbul edib. Digər tərəfdən, Almaniya parlamenti ölkədə yaşayan 3 milyon türkü görməzlikdən gəldi. Qərb ölkələri tarixçilərin müzakirə etməli olduğu iddianı parlamentlərinə daşıyırlar".

E.Şahioğlu Almaniyanın "soyqırım" qətnaməsini niyə indi qəbul etməsinə isə belə aydınlıq gətirib: "Bir tərəfdən Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu deyir, digər tərəfdən ehtiyac olduğu dövlətə arxadan zərbə vurur. Türkiyənin regional siyasəti Avropa İttifaqını və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar. Almaniyanın bu hərəkəti ATƏT-in hazırkı sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də kölgə salacaq. Bu gün Ermənistanın və erməni lobbisinin şad günüdür. Berlin işğalçı Ermənistanı cəsarətləndirdi".

Politoloq hesab edir ki, Almaniyada Türkiyə lobbisinin fəaliyyətinin zəifliyi də qeyd edilməlidir: "Almaniyada 3 milyon türkün yaşamasına baxmayaraq, bu ölkə rahatlıqla ermənipərəst qətnamə qəbul edir, üstəlik Almaniyada məktəblər üçün yazılan tarix kitablarına "erməni soyqırımı" ilə bağlı bölmə salınacaq. Çünki Almaniyada yaşayan türklərin böyük əksəriyyəti siyası baxımdan fəal deyil. Onların çoxu özü üçün və biznesi üçün yaşayır. Əks halda alman deputatlar ermənipərəst qətnamənin qəbulundan öncə ehtiyat etməli, türk seçicilərinin səslərini itirə biləcəklərini düşünməliydilər. Almaniya parlamentinin "erməni soyqrımı" qətnaməsinin qəbulundan əvvəl türklər Bundestaqın qarşısında etiraz mitinqi keçirdilər. Ancaq mitinqə çox olsa 10 min nəfər qatılmışdı, Halbuki, Berlin yüzminlərlə türkün etiraz səsini eşitməli idi".

Mərkəzin rəhbəri bildirib ki, Almaniya parlamentinin "erməni soyqırımı" qətnaməsini qəbul etməsinə rəğmən, Ankara Berlinlə münasibətləri tamamən dondurmayacaq: "Doğrudur, Ankara Almaniyadakı səfirini geri çağırıb, ancaq ara sakitləşəndən sonra səfir yenidən Berlinə qayıdacaq. Vaxtilə Fransa parlamenti də oxşar qətnamə qəbul etmişdi. O zaman da Ankara Fransadakı səfirini geri çağırdı, az sonra səfir yenidən Parisə qayıtdı. Çünki Ankara ermənpərəst qətnamələrə nə qədər qəzəblənsə, bunun ədalətsiz olduğunu vurğulasa da, bu sənədləri qəbul edən ölkələrlə əməkdaşlığı tamamən dayandıra bilməz. Ortada milyardlarla dollar iqtisadi-ticarət əlaqələri, biznes maraqları var. Elə Ermənistanla erməni lobbisinə də bu lazımdır ki, Türkiyənin "erməni soyqrımını" qəbul edən ölkələrlə münasibətləri tamamən pozulsun".

Buna baxmayaraq, onun fikrincə, "erməni soyqırımı" qətnamələrinin qəbuluna seyrçi qalınması da düzgün sayılmamalıdır: "Sadəcə, bunu faciəyə də çevirmək lazım deyil, qəbul edəcəkləri qondarma qətnamələrin Türkiyə əleyhinə hüquqi gücü yoxdur. Əks həmlələri gücləndirmək lazımdır. Azərbaycan dünya miqyasında Xocalı soyqrımının tanıtdırılmasına çalışır və müəyyən nəticələr də var, bir sıra parlamentlər müvafiq sənədlər qəbul ediblər. Türkiyə Azərbaycanla birgə bu istiqamətdə çalışmaları artırmalıdır ki, dünya görsün ki, "erməni soyqırımı" iddiaları mübahisəli olduğu halda, Xocalı soyqırımı şahid ifadələri və video görüntülərlə sübut olunub, ermənilər bu sübutlara etiraz etmirlər".
Qeyd edək ki, qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanır.
İlkin İzzət
Milli.Az