[ 26 Fevral 2015 16:21 ]
Bakı - APA-Economics. Xocalı faciəsini gənc nəslə sistemli şəkildə tanıtmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı Xocalıya Ədalət kompaniyasına dəstək olmaq məqsədi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən silsiləli olaraq tədbirlər təşkil edilir.
Belə tədbirlərdən biri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 14 saylı Kəlbəcər rayon orta məktəbində faciənin 23-cü ildönümünə həsr olunmuş “Xocalını faciəsini dünyaya tanıdaq!” adlı tədbir keçirilib.
Birliyin sədr müavini Həbib Misirov çıxışında vurğulayıb ki, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxarıb. “İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Beləliklə “Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Beləliklə, Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi”, - deyə H. Misirov bildirib.
Tədbirdə məktəbin direktoru Tahir Rəhimov çıxış edərək bildirib ki, Xocalı faciəsi 200 ildən çox müddətdə Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir: “Bu soyqırım 23 il əvvəl baş verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi”.
Daha sonra tədbirdə faciənin əks olunduğu videogörüntü nümayiş etdirilib, məktəblilərin ifasında Xocalı faciəsinə həsr edilən kompozisiya göstərildi və şeirlər səsləndirilib.