Bu barədə "Report"a zərərçəkmiş Sənan İsmayılovun hüquqlarınıı müdafiə edən vəkil Bəxtiyar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, hakim Ceyhun Qədirovun sədrliyi ilə keçiriləcək növbəti iclas iyulun 11-nə təyin edilib.
B.Hacıyev bildirib ki, məhkəmə süni şəkildə uzadılır: "Mən hesab edirəm ki, zərərçəkmişə dəymiş maddi ziyan məhkəmə tərəfindən təqsirləndirilən şəxsdən tutulub, hüquqlarını müdafiə etdiyim şəxsə ödənilməlidir".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) 2015-ci il oktyabr ayının 21-də yaydığı məlumatına görə, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı V.Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini S.İsmayılova xəsarət yetirib. S.İsmayılov dərhal xəstəxanaya yerləşdirilib. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi "Vinçestr" markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.
Suraxanı Rayon Prokurorluğunda V.Əhmədov barəsində Cinayət Məcəlləsinin (CM) 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Daha sonra Suraxanı Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Lakin sonradan CM-nin 29, 120.1-ci maddəsi 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) maddələrinə töfsif olunub.