Milli Gimnastika Arenası Bədii gimnastika üzrə Dünya Kubokunun keçirilməsinə tam hazırdır. Milli.Az bildirir ki, bunu Trend-ə arenanın direktoru Maqsud Fərzullayev deyib.

Onun sözlərinə görə, zal həmişəki kimi yarışlara tam hazırdır: "Yarışların başlanmasına üç həftə qalmış bütün sistemləri yoxlayır və sınaqdan keçiririk. İsti günləri nəzərə alaraq kondisioner sistemini dəqiqliklə sınaqdan keçiririk və zaldakı temperaturu ölçürük. Əminəm ki, tamaşaçılara yarışları izləmək rahat olacaq".

Direktor qeyd edib ki, Dünya Kubokuna hazırlıq çərçivəsində arena idmançılar və azarkeşlər üçün bir sıra yeniliklər etmək qərarına gəlib: "Həmişəki kimi, Milli Gimnastika Arenası Azərbaycan Gimnastika Federasiyası ilə birlikdə yenilik etməyə çalışır. Bu dəfə Bədii gimnastika üzrə Dünya Kubokuna milli kolorit vermək qərarına gəldik və zalı gimnastların çıxış edəcəyi əsas xalça ətrafında yerləşən doğma Qarabağ xalçalarının "çələbi" naxışları ilə tərtib etdik. Bu milli naxış, həmçinin mükafatlandırma mərasimi və rəsmi şəxslərin çıxışı zamanı fon qismində olacaq. Bundan başqa, tamaşaçılar üçün yeni heş-teqler əlavə etmək qərarına gəldik. Azarkeşlərimiz şəkil çəkdirməyi və fotolarını sosial şəbəkələrdə yerləşdirməyi çox sevirlər. Azarkeşlər həmin heş-teqlərdən istifadə edə biləcəklər".

M.Fərzullayev əlavə edib ki, bədii gimnastika üzrə Dünya Kubokunda batut gimnastikası üzrə Dünya Kubokunda olduğu kimi əsas zalın yarısından istifadə olunacaq: "Bütün zalın istifadəsi tələb olunmayan yarışlar üçün adətən zalın yarısını bağlayırıq. Bu təcrübə özünü doğruldub. Çünki bu, ilk növbədə idmançıların özü və yarışlar üçün rahatdır. Bu o deməkdir ki, zalın digər yarısını istifadə etməyəcəyik. O hissə gimnastların yarışlara hazılığı üçün istifadə olunur".

Direktor paytaxt sakinləri və qonaqlarını yarışlara baş çəkməyə və azərbaycanlı idmançıları dəstəkləməyə çağırıb: "Bu isti günlərdə Bakı sakinləri və qonaqlarını Dünya Kuboku yarışlarına baş çəkməyə, azərbaycanlı idmançıları dəstəkləməyə, gimnastikanı dərk etməyə və Olimpiya oyunları ərəfəsində dünya ulduzlarının çıxışlarını öz gözləri ilə görməyə çağırıram".

Milli.Az

Milli Gimnastika Arenası bədii gimnastika üzrə Dünya Kubokuna tam hazırdır
Milli Gimnastika Arenası bədii gimnastika üzrə Dünya Kubokuna tam hazırdır