Kürdəmir, 3 mart, AZƏRTAC
Kürdəmir rayonunun 110 min nəfər əhalisi var. Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda vətəndaşların sağlamlığının qorunması məqsədilə kütləvi surətdə keçirilən pulsuz tibbi müayinə aksiyası çərçivəsində bu günədək onlardan 40828 nəfəri müayinə olunub.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Nizami Feyzullayev AZƏRTAC-a bildirib ki, bu xeyirxah aksiya ilə əlaqədar rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb, işçi qrupu tərəfindən idarə, müəssisə və təşkilatlar, habelə yaşayış məntəqələri üzrə qrafik tərtib edilib. Sakinlərin tibbi müayinədən keçirildikləri mərkəzi rayon xəstəxanası, mərkəzi poliklinika, Karrar və Mollakənd kənd xəstəxanaları və 6 həkim məntəqəsi ixtisaslı kadrlarla, bütün zəruri tibbi avadanlıqlarla təchiz olunub. İki həkim briqadası ucqar kəndlərin sakinlərinə, habelə xəstəxanalara gələ bilməyən yaşlı insanlara evlərdə xidmət göstərir. Tibbi müayinə zamanı səhhətində müəyyən problemi olan 116 nəfər stasionar, 870 nəfər ambulator müalicəyə cəlb edilib. 41 nəfər isə Bakı şəhərinə, ixtisaslaşdırılmış klinikalara göndərilib.
N.Feyzullayev, həmçinin vurğulayıb ki, insanlar kütləvi tibbi müayinəyə böyük həvəslə gəlirlər. Rayon sakinləri onların sağlamlığı üçün keçirilən bu kampaniyanın təşəbbüsçüsü Prezident İlham Əliyevə minnətdarlıq edirlər.
