Bakı. 14 sentyabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısını alıblar. DSX-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Füzuli rayonunun Qazaxlar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəbhə bölgəsinə yaxın ərazidə minalanmış sahə­dən İrandan Azərbaycana narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Belə ki, sentyabrın 8-də Füzuli rayon sakinləri Rəşad Rəsul oğlu Məmmədov və Bəxtiyar Möhübbət oğlu İsayev narkotik maddə olan 535 qram heroini və 460 qram həşiş qətranını dövlət sərhədindən keçirərkən yaxalanıblar.
Əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Sumqayıt şəhər sakini Ramil Hüseynağa oğlu Əliyev müəyyən­ləşdirilərək saxla­nıl­ıb.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfin­dən Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazi­sində həyata keçirilən tədbir­lər nəticəsində qəsəbə sakinləri 1967-ci il təvəllüdlü Novruz Mirzəkişi oğlu Babaşov və 2001-ci il təvəllüdlü Dadaş Novruz oğlu Babaşov Xəzər dənizindən İrandan Azərbaycana narkotik maddə gətirərkən sahildə saxlanıl­ıblar. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq motosikletlə hadisə yerindən qaçmağa cəhd göstər­ən qaçaqmalçılar DSX əməkdaşlarının sayıqlığı sayəsində tutulublar.
Novruz Babaşova məxsus motosikletə baxış keçirilərkən bir ədəd bağlama­da 912 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.